
Mama-ginekoloq: İcbari tibbi sığorta doğuşların təhlükəsizliyini və tibbi xidmətin keyfiyyətini artırır
Yaranacaq risklər vaxtında aşkarlanır
2025-ci ilin ilk yarısında icbari tibbi sığorta hesabına 30 minə yaxın doğuş icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hamilə qadınlara göstərilən tibbi xidmətlərin mühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. Bu xidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, hamiləlik və doğuş dövründə yarana biləcək fəsadların qarşısını almaq məqsədi daşıyır.
Hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiq müayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır. Bu müayinələr çərçivəsində arterial təzyiqin ölçülməsi, nəbzin yoxlanılması, qan və sidik analizlərinin aparılması, qan qrupu, şəkər göstəriciləri, həmçinin hepatit B və C, sifilis və insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək) və digər zəruri müayinələr sığorta hesabına həyata keçirilir.
Hamiləlik dövründə qadın məsləhətxanalarına, Ailə Sağlamlıq Mərkəzlərinə və ya digər ambulator tibb müəssisələrinə müraciət edən qadınlara USM, doppler müayinəsi, fol turşusunun təyini, dölün ürək döyüntülərinin izlənilməsi kimi xidmətlər də göstərilir.
Hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilərək hamilə qadın doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiq dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.
Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.
Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman, tibbi sərf, qidalanma, laborator və instrumental müayinələr, diaqnostika və müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanır. Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına ölkə üzrə ümumilikdə 14 767 doğuş, 15 167 qeysəriyyə əməliyyatı həyata keçirilib.
Vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də icbari tibbi sığorta ilə əhatə olunur.
Statistikanı dəyərləndirən mütəxəssislərin fikrincə, icbari tibbi sığortanın tətbiqi nəticəsində ana və uşaq sağlamlığının qorunması üzrə böyük sosial effekt əldə olunub. Dövlətin hamilə qadınlara göstərdiyi dəstək, pulsuz müayinə və doğuş xidmətləri ailələrin maliyyə yükünü azaldır. Bu rəqəmlər Azərbaycanın sosial dövlət modelini gücləndirdiyini göstərir.
Rəqəmlər həmçinin onu göstərir ki, icbari tibbi sığorta yalnız maliyyə yükünü azaltmır, həm də ana və körpə sağlamlığının qorunmasında mühüm rol oynayır. Xüsusilə vaxtından əvvəl doğulan körpələr üçün küvəz və neonatal xidmətlərin sığortaya daxil edilməsi yüzlərlə uşağın həyatını xilas edir. Bununla belə ekspertlər hesab edir ki, qeysəriyyə əməliyyatlarının sayının artması diqqət tələb edən məsələdir və gələcəkdə profilaktik tədbirlər gücləndirilməlidir.
Mama-ginekoloq Vüsalə Səmədova Sherg.az-a bildirib ki, hamilə qadınların sağlamlığı icbari tibbi sığorta çərçivəsində ilk növbədə hamiləlik protokolları əsasında qorunur. Onun sözlərinə görə, icbari tibbi sığorta hamilələr üçün preventiv və müalicəvi xidmətlərin təmin edilməsində əvəzsiz rol oynayır:

"Hər bir hamilə qadın ilk müayinəsini 12-ci həftəyə qədər keçirməli, bu mərhələdə arterial təzyiq, nəbz, bədən kütlə indeksi, boy və çəki, həmçinin daxili orqanlarının ilkin vəziyyəti yoxlanılır. Bu müayinə həm hamilənin, həm də gələcək körpənin sağlamlığının qorunmasına yönəlib, habelə təxmini doğuş tarixi müəyyən edilir.
Sonrakı mərhələlərdə isə protokol əsasında Xidmətlər Zərfinə daxil olan laborator analizlər və ultrasəs müayinələri həyata keçirilir. Müayinələrin nəticələrinə uyğun olaraq hamilələrə xüsusi tibbi məsləhətlər verilir, qidalanma rejimi tənzimlənir və zəruri hallarda müalicə başlanır”.
Vüsalə Səmədova qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən dövlət müəssisələri yüksək keyfiyyətli ultrasəs aparatları ilə təmin olunub ki, bu da hamilələrin diaqnostik imkanlarını xeyli artırır. Mama-ginekoloq həmçinin vurğulayıb ki, şəkərli diabet, qanazlığı, böyrək patologiyası və ya talassemiya daşıyıcılığı kimi xüsusi risk qruplarına aid hamilələr ixtisaslı həkimlərə yönləndirilir və onların müalicəsi icbari tibbi sığorta çərçivəsində tam təmin olunur:
"Doğuş və qeysəriyyə əməliyyatları da Xidmətlər Zərfi tərəfindən əhatə olunur; tibbi göstəriş olduqda klassik qeysəriyyə kəsiyi əməliyyatları həyata keçirilir. İcbari tibbi sığorta hesabına edilən doğuşların sayının artması həm hamilələrin, həm də körpələrin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sistem hamiləlik dövründə yaranacaq risklərin vaxtında aşkarlanmasını və qarşısının alınmasını təmin edir, anaların doğuş zamanı yüksək keyfiyyətli tibbi xidmət almasına şərait yaradır. Eyni zamanda, sistem xəstəxanalarda tibbi xidmətlərin standartlaşdırılmasına və doğuş zamanı fəsadların minimuma endirilməsinə töhfə verir".