"Həmişə deyirik ki məktəblərə, uşaq müəssisələrinə gətirilən qidaların keyfiyyətinə zəmanət olmalıdır"
"Məktəb bufetlərində, uşaq bağçalarının yeməkxanasında çalışanlar gigiyenik qaydalara riayət etməlidirlər"
Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə APA-nın yerli bürosuna Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. "Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
Şagirdlərin bəzən məktəbdə, bəzən də məktəbdən kənarda zəhərlənməsi halları son zamanlar tez-tez baş verir. Bir müddət əvvəl Gəncə şəhərində bir neçə şagird dərsdən çıxıb yaxınlıqdakı dönərxanadan dönər alıb yemişdi və zəhərlənmişdilər. Bu, istər uşaq müəssisələri daxilində, istərsə də onlara yaxın ərazilərdə qida təhlükəsizliyinə və ərzaq satışı obyektlərinə ciddi nəzarətin zəruri olduğunu diqqət mərkəzinə gətirir.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, şagirdlərin zəhərlənməsi məktəb daxilində baş veribsə, burada əsas səbəb qidanın bakterioloji çirklənməyə məruz qalmasıdır: 
- Kütləvi zəhərlənmə varsa, hamı eyni qidadan zəhərlənibsə, deməli, qidaya infeksiya düşüb. Burada başqa səbəb axarmağa dəyməz. Bir var, küçədə satılan qidadan kimlərsə zəhərlənir, bir də var uşaq kollektivlərində. İndiki halda hadisə məktədə olub. Bu, əlbəttə, qəbulolunmazdır. Ya infeksiya ilə çirklənmiş hazır qida gətirilib məktəb bufetinə, ya da ki gətirilən xammaldan qida hazırlanması prosesində sanitar-gigyenik qaydalara lazımi şəkildə əməl olunmayıb, qidanın tərkibinə infeksiya düşüb və bakterioloji çirklənmə nəticəsində uşaqlar zəhərləniblər. Çox güman ki, uşaqlarda mədə-bağıraq pozuntusu yaranıb. Bakteriloji çirklənmə salmonella, shigella kimi bakteriyalardan yaranır. Bu da əsasən yumurta, ət, süd məhsullarının yaxşı bişməməsi, çiy qalması nəticəsində baş verir. Qida çirklənməsinin nədən baş verdiyi müəyyən edilməlidir. Həmişə deyirik ki məktəblərə, uşaq müəssisələrinə gətirilən qidaların keyfiyyətinə zəmanət olmalıdır, məktəb bufetlərində, uşaq bağçalarının yeməkxanasında çalışanlar gigiyenik qaydalara riayət etməlidirlər.