Mutasiyaya uğramış H3N2 virusu Türkiyədə, Azərbaycan da hazırlıqlı olmalıdır

Mutasiyaya uğramış qrip virusu Türkiyəyə daxil olub. Yüksək hərarət və baş ağrısı kimi təsirləri ilə tanınan H3N2 virusu ilə bağlı mütəxəssislər xəbərdarlıq edirlər.

Sherg.az xəbər verir ki, dünyanı həyəcan vəziyyətinə gətirən mutasiyaya uğramış H3N2 qrip virusu Türkiyədə də təsirini göstərməyə başlayıb.

Ən azı 7 mutasiya keçirdiyi təsdiqlənən yeni virus influenzanın növlərindən biridir.

Qrip zamanı şiddətli baş və oynaq ağrıları, yüksək hərarət və quru öskürək müşahidə edildiyi bildirilir.

İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya üzrə mütəxəssis Gökçe Demir H3N2 virusu ilə bağlı dəyərləndirmələr aparıb.

Demir H3N2 virusunun donuz qripindən ciddi fərqlənmədiyini vurğulayaraq, bu il qrip hallarının erkən başladığını bildirib.

Onun sözlərinə görə, daha çox oynaq ağrıları və 40 dərəcəyədək yüksələn hərarət müşahidə olunur: “Xəstəlik şiddətli baş ağrısı və quru öskürəklə davam edir.”

65 yaşdan yuxarı, hipertoniya və diabet xəstələri, həmçinin astma və KOAH kimi xroniki ağciyər xəstəlikləri olan şəxslərdə virusun ağır sətəlcəmə keçdiyini deyən Demir, xəstəlik tablosunun tənəffüs çatışmazlığına qədər irəliləyə bildiyini qeyd edib.

Qorunma yolları:

Demir peyvəndlə bağlı da xəbərdarlıq edib. Qripdən qorunmağın ən etibarlı yolunun qrip peyvəndi olduğunu bildirən mütəxəssis deyib:

“Sentaybr ayında qrip peyvəndi olunması idealdır. Lakin payız aylarında hərarətli, əzələ və oynaq ağrıları yaşamamısınızsa, yəni qripə yoluxmamısınızsa, yanvar-fevral aylarına qədər də peyvənd oluna bilərsiniz.”

Əl gigiyenasına xüsusi önəm verilməli olduğunu vurğulayan Demir əlavə edib:

“Risk qrupuna daxil olan şəxslərə ictimai nəqliyyatda maska taxmağı tövsiyə edirəm.”

Nəticə olaraq, Türkiyədən Azərbaycana gediş-gəlişin çox olduğu bir vaxtda ölkəmiz də vəziyyətə hazır olmalıdır. Son vaxtlar havaların soyuq keçməsi hər kəsi daha diqqətli olmağa, maskalardan istifadə etməyə səsləyir.