Piylənmə varlıların yox, kasıbların xəstəliyidir

Sosial bərabərsizlik artıq bədəndə görünür

Aztəminatlı ailələrin keyfiyyətli qidaya əlçatanlığının aşağı səviyyədə olması artıq çəki problemi yaradır

SSRİ dönəmində məktəb dərsliklərində konkret mövzuya uyğun şəkillərdə kəndlilər adətən arıq, çəlimsiz, burjua nümayəndələri, Çar Rusiyası zamanının çinovnikləri kök, yekəqarın təsvir olunurdu. Elə bizim ədəbiyyat dərsliyimizdə də Mirzə Ələkbər Sabirin “Əkinçi”, “Fəhlə, özünü sən də bir insan sanırsan” misrası ilə başlanan satirasına çəkilən illüstrasiyalarda fəhlə, kəndli-əkinçi boğazını tutsan canı çıxacaq kimi, sahibkar, fabrik, zavod müdiri, mülkədar isə kök, qarnı yekə təsvir edilirdi.

Belə təsəvvür yaranırdı ki, köklük varlılara, arıqlıq isə kasıblara xasdır. Bu tendensiya dəyişibmi? Birmənalı cavab vermək mümkün deyil. Məsələn, ABŞ səhiyyə naziri Robert F.Kennedi Ağ Evdə keçirilən tədbir zamanı bildirib ki, “piylənmə bir yoxsulluq xəstəliyidir” və xroniki xəstəliklər ən çox aşağı gəlirli insanlar arasında yayğındır. O, məhz bu səbəbdən arıqlama dərmanlarına çıxışın asanlaşdırılmasının vacibliyini vurğulayıb. Ağ Evdə böyük şirkət rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin əsas mahiyyəti arıqlama dərmanlarının ucuzlaşdırılmasının vacibliyi olub və ABŞ Prezidenti Donald Tramp arıqlama dərmanlarının qiymətlərini aşağı salacaq saziş imzalayıb.  

“Şərq” xəbər verir ki, Donald Tramp dərman istehsalçıları ilə imzalanan yeni razılaşma nəticəsində arıqlama dərmanlarının qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını bildirib. D.Tramp deyib ki, ABŞ-də dərman qiymətlərinin aşağı salınması əvvəllər mümkünsüz hesab edilirdi, lakin onun administrasiyası dövründə bunun həyata keçirilməsindən çox məmnundur. Prezident vurğulayıb ki, həmin dərmanların qiymətləri digər ölkələrlə müqayisədə ABŞ-də qat-qat yüksəkdir. Bu dərmanlardan əsasən az və orta gəlirli vətəndaşlar istifadə edir, lakin bu insanların həmin dərmanlara çıxışı çox çətindir. Gələn ildən etibarən arıqlama dərmanlarının sığorta proqramı “Medicare” xəstələrinə də şamil ediləcək və sığortası olmayan şəxslər üçün müəyyən aşağı qiymətlərin mərhələli şəkildə tətbiqinə başlanacaq. Ağ Evin sosial media hesabında paylaşdığı məlumata görə, “Ozempic” adlı arıqlama dərmanının aylıq qiyməti 1000 dollardan 350 dollara, “Wegovy” adlı dərmanın qiyməti isə 1350 dollardan 1000 dollara endiriləcək.

Köklük kasıbların, yoxsa varlıların xəstəliyidir? 

Bu xəbəri ona görə təkrar paylaşdıq ki, müasir terminlə obezite adlanan piylənmə, köklük zəmanəmizin ciddi problemləri sırasındadır. Səbəblər də çoxdur, fəsadlar da. Piylənmə, artıq çəki sağlamlıq üçün ciddi risk daşıyır və yanaşı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Piylənmə çox vaxt ağır yanaşı patologiyalarla müşahidə olunur. 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəlikləri, yuxuda apnoye sindromu, öd daşı xəstəliyi, deformasiyaedici osteoartoz, artritlər, aşağı ətraf venalarının xroniki çatışmazlığı, mədə - yemək borusu refluks sindromu... Bir qayda olaraq bu xəstəliklərin inkişaf ehtimalı bədən çəkisi artdıqca, bədəndə artıq piy toplandıqca yüksəlir. Piylənmə tibbi, sosial və iqtisadi problem sayılır. Dünyada piylənmədən əziyyət çəkənlərin sayı hər ötən il artır. Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9 faizdən 20 faizə qədərinin piylənməsi (BÇİ>30) və 25 faizdən çoxunun artıq bədən çəkisi vardır, ABŞ-də isə bu müvafiq olaraq 25 faiz və 50 faizdir. Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40 faizinin piylənməsi, 25-30 faizinin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə axırıncı onilliklərdə piylənmənin yayılması 2 dəfə artıb. 

Belədirsə, piylənmə niyə “kasıb xəstəliyi” hesab edilir ki?!. Bəlkə sadəcə, dərman preparatlarına əlçatanlığın aşağı olması səbəbindən? 

Həkim fitoterapevt Füzuli Hüseynov “Şərq”ə açıqlamasında piylənmənin səbəbləri və onunla mübarizə yollarından danışdı: 

- Piylənmə kasıbların, yoxsa varlıların xəstəliyidir sualı ətrafında müzakirə açsaq, yanlış istiqamətə gedib çıxarıq. Bu məsələdə müxtəlif yanaşmalar ola bilər. Aztəminatlı ailələrin keyfiyyətli qidaya əlçatanlığının aşağı səviyyədə olması, artıq çəki problemi yarada bilər. Eyni zamanda imkanlı şəxslərin də ürəyinin hər istədiyini yeməsi də köklük, artıq çəki problemi yarada bilər. Bizim məqsədimiz piylənmənin qarşısını alacaq vasitələri düzgün təqdim etməkdir.  

Vacib olan sağlam qidadır

Həkim bildirdi ki, hər bir insan çalışmalıdır ki, mümkün qədər sağlam şəkildə qidalansın və keyfiyyətli qidalar qəbul etsin. Marketlərdə trans yağlar doludur. Əsl kərə yağı tapmaq çox çətindir. Qiyməti də bahadır. Trans yağlar da ucuz deyil. Amma keyfiyyətsiz və zərərlidir. Keyfiyyətsiz yağ alıb yeməkdənsə, yeməmək daha yaxşıdır. Ayda bir dəfəmi, 2 ayda, 3 ayda bir dəfəmi əsl, qatqısız kərə yağı yemək hər gün trans yağ, tərkibində kimyəvi qatqılar olan “yağ” yeməkdən qat-qat yaxşıdır. Trans yağlardan və hidrogenləşdirilmiş yağlardan tamamilə uzaq durmaq lazımdır. Piylənmənin əsas səbəblərindən biri budur. Təbii və sağlam yağlar qəbul edənlərdə şəkərsiz qidalanma vərdişləri daha davamlı olur və aclıq hissi azalır. Orqanizmi faydalı yağlarla gücləndirmək lazımdır. Tərəvəz və liflə zəngin qidalar menyunun əsas hissəsini təşkil etməlidir. Süni rəngləndiricilərlə zəngin, tərkibində saxaroza olan içkilərdən, şirniyyatlardan uzaq durmaq lazımdır. Bu cür qidalar damarların tutulmasına, qanın qatılaşmasına və ürəyə qanın normal qaydada getməməsinə səbəb olur. Nəticədə infarkt, insult riski də artır. Qida rasionunda təbii meyvə və tərəvəz şirələri, yaşıl yarpaqlı tərəvəzlər və antioksidantla zəngin məhsullara yer verilməlidir.

Ucuz tərəvəzlər əsl vitamin mənbəyidir

Həkim qeyd etdi ki, insanlarımız süni dadlara o qədər aludə olub ki, təbii dadları qəbul edə bilmirlər artıq: 

- Çuğundur (pazı), yerkökü, balqabağın tərkibi vitaminlərlə zəngindir. Həm də bu tərəvəzlərdə təbii şəkər var. Çuğunduru bişirin, görün dadı necə şirindir. Yerkökü, balqabaq da həmçinin. Amma bir çoxları ağız büzür ki, “çuğundur şirəsi içə bilmirəm”. Amma “Fruktovıy sad” şirəsi içirlər. Halbuki onun tərkibində “n” sayda kimyəvi maddə əlavələri var. Balqabaqdan faydalı ikinci bir tərəvəz düşünmək qeyri-mümkündür. Baxın, təkcə balqabaqdakı C və A vitaminləri immunitet sistemini gücləndirir. Yüksək miqdarda olan beta-karoten sayəsində göz sağlamlığını və görmə qabiliyyətini dəstəkləyir. Kalium və liflə zəngin olduğu üçün ürək sağlamlığını qoruyur və qan təzyiqini tənzimləməyə kömək edir. Lifli tərkibi sayəsində həzm sistemini yaxşılaşdırır. Beta-karoten dərinin yenilənməsini təşviq edir və daha sağlam, cavan görünməsini təmin edir. Antioksidan (orqanizmdən zərərli maddələri xaric etmək) xüsusiyyətləri sayəsində xərçəngə qarşı müdafiəyə kömək edir. Qida dəyəri yüksək və kalorisi az olduğu üçün arıqlamağa da kömək edir. Balqabaq tumunun faydaları saymaqla bitmir. Prostat sağlamlığını qoruyur və prostat xərçəngi riskini azaldır. Sümük quruluşunu gücləndirir və osteoporoz riskini azaldır. Qan azlığına qarşı mübarizə aparır, dəmir ehtiyacını qarşılamağa kömək edir. Əhvali-ruhiyyəni yaxşılaşdırır, depressiya və yuxu keyfiyyəti problemlərini azaltmağa kömək edir. Qan şəkərini tənzimləyir: Qan şəkərini aşağı saldığı üçün diabet xəstələrinə tövsiyə edilir. Daha nələr lazımdır ki, insanlarımız bu xeyirli məhsuldan bol-bol istifadə etsin, həm də immunitetin zəiflədiyi və güclənməyə ehtiyac duyduğu payız-qış aylarında. Digər tərəvəzlər də həmçinin. Marketlərdə satılan süni, qatqılı qidalardansa tərəvəz yemək daha məsləhətlidir. Ət vacibdir, əlbəttə. Ətin tərkibindəki zülal, B12 vitamini orqanizm üçün vacibdir. Aztəminatlı ailələrin tez-tez ət almağa maddi imkanı çatmırsa, bunu tərəvəzlərlə, baş qidalarla, məsələn, paxlalılarla əvəz edə bilərlər. Lobya, mərci, qarabaşaq... Bunlar da vitamin deposudur. Əksinə, bu qidalar orqanizm üçün daha faydalıdır. Yüngül yeməklərdir, mədəyə ağırlıq vermirlər, yaxşı həzm olunurlar.  

Arıqlamaq da sağlam olmalıdır

F.Hüseynov bildirdi ki, artıq çəki problemi olanlar bundan xilas olmaq istəyirlərsə, özlərində güc tapmalıdırlar: 

- Arıqlamaq üçün bir çox üsullar var, məsələn: müxtəlif dietalar, yağlı və zülallı yeməklərin azaldılması və s. Dieta ilə arıqlamağın bir sıra zərərləri var. İnsanın dieta üçün seçilmiş yeməkləri daima yeməsi bədəndə vitamin və mineral çatışmazlığına səbəb olur. Bundan bezmiş insanlar dietanı buraxır və sürətli şəkildə əvvəlkindən də artıq kilo almağa başlayırlar. Sağlam şəkildə arıqlamaq istəyənlər əvvəlcə həyəcanı özündən uzaqlaşdırmalı, çox güclü arıqladıcı vasitələrdən qaçmalıdırlar, arıqlamaq yavaş-yavaş, səbirlə və ən əsası bu işdən həzz alaraq reallaşdırılmalıdır. Mən öz praktikamda arıqladıcı vasitələrin yazda daha çox satılmasının şahidi olmuşam, niyə bu belədir, izah edim. Deməli, qışda geyindiyimiz qalın paltarlar yaz gəldikcə yavaş-yavaş nazikləşməyə başlayır, artıq çəkili insanlar bundan həyəcana düşərək yayda sürətli şəkildə arıqlamağa başlayırlar. Bu, yanlış düşüncədir. Arıqlamağa başlamaq üçün vaxt və zaman yox, iradə lazımdır, vəssalam. Bunu isə hər zaman etmək olur, yay-qış fərq etməz. Arıqlamaq üçün bir neçə vasitədən istifadə etmək vacibdir. Bunlar işlədici vasitələr, sidikqovuculardır. Sidikqovucular bədəndən suyu çıxarırlar, iştahkəsici və oksidləşdiricidirlər, bədəndə olan piyləri yandırırlar. İşlədici vasitələrə həm ədviyyatlar daxildir, həm də dərman bitkiləri. Bunlar səbirlə növbə ilə edilməlidir və yaxşı olar ki, bütün bunlarla bərabər fiziki aktivliyi artırsınlar. Proteinli qidalar, liflə, vitaminlə zəngin olanlar qida rasionunda əsasdır. Gün ərzində kifayət qədər su içmək, şəkərli və işlənmiş qidalardan uzaq durmaq, pəhriz zamanı şəkərsiz qidalar seçmək həm bədəni təmizləyir, həm də enerjini artırır. Qidalanmada konservantlı və çox işlənmiş məhsullardan qaçmaq lazımdır. Şəkərli içkilər, şirniyyatlar və hazır paket yeməklər bədən formasını düzəltmək prosesini ləngidir. Az kalori ilə arıqlamaq istəyənlər üçün şəkərsiz təbii məhsullar əla alternativdir. Məsələn, darçının tərkibində təbii şəkər var. Darçından istifadə etmək, darçınlı çay içmək piylənmənin əsas səbəbkarı şəkərdən imtinanı gücləndirir. Həftədə ən az 3-4 dəfə idman etmək sağlam həyat tərzi formalaşdırmaq üçün idealdır. Axşam saatlarında ağır yeməklərdən çəkinmək vacibdir. Ən sağlam arıqlamaq yollarından biri günün sonuna yaxın bədənin yüklənməsini minimuma endirməkdir. Yuxu rejimini nizamlı saxlamaq da önəmlidir. Sağlam orqanizmə sahib olmaq və sağlam şəkildə arıqlamaq istəyənlər üçün düzgün və nizamlı yuxu rejimi çox vacibdir.