Skandinaviya (nordik) pəhrizi qanda şəkərin səviyyəsinə nəzarəti yaxşılaşdırmaqla yanaşı, qaraciyərdə yağ yığılmasını da azalda bilər. Sherg.az xəbər verir ki, bu qənaətə Uppsala Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Araşdırmada II tip diabet və prediabeti olan 150 nəfər iştirak edib. Onlar üç fərqli qidalanma rejimi üzrə qruplara bölünüblər.
Ən nəzərəçarpan nəticə tam taxıllar, tərəvəzlər, giləmeyvələr, balıq və raps yağına əsaslanan, doymuş yağları minimum səviyyədə saxlayan nordik pəhrizdə müşahidə olunub. Bir il ərzində bu qrupda qaraciyərdəki yağ miqdarı 20 faizdən çox azalıb, qanda qlükoza göstəriciləri isə əhəmiyyətli dərəcədə yaxşılaşıb. İştirakçıların yarıdan çoxunda alkoqolsuz piyli qaraciyər xəstəliyinin əlamətləri tamamilə aradan qalxıb.
Alimlər vurğulayırlar ki, əldə olunan effekt yalnız çəki itirməklə izah olunmur. Analiz göstərib ki, yaxşılaşmanın təxminən yarısı məhz qidalanmanın keyfiyyəti ilə bağlıdır.
Bundan əlavə, bu pəhrizin tətbiqi nisbətən asan hesab olunur. İştirakçılar kalori qəbulunu məhdudlaşdırmasalar da, çəki azalması və maddələr mübadiləsi göstəricilərində müsbət dəyişikliklər qeydə alınıb.