Eşitmə itkisi və başgicəllənmə varsa, özbaşına dərman qəbulu qadağandır - ağır fəsad riski var
Gündəlik həyatı kabusa çevirə bilən qulaq ağrısı həm uşaqlarda, həm də böyüklərdə geniş yayılmış sağlamlıq problemidir. Ən çox görülən səbəblər infeksiyalar, orta və xarici qulaq iltihablarıdır. Uşaqlarda orta qulaq infeksiyaları xüsusilə yayılmışdır və çox vaxt yuxarı tənəffüs yollarının infeksiyaları ilə müşayiət olunur, nəticədə narahatlıq, qulaq çəkmə, iştahsızlıq və yuxu problemləri yaranır. Xarici qulaq infeksiyaları isə adətən üzgüçülükdən sonra və ya rütubətli mühitdə inkişaf edir.
Bundan əlavə, qulaq pərdəsinin zədələnməsi, təzyiq dəyişiklikləri və qulaq kirinin yığılması da ağrıya səbəb olan digər amillər sırasındadır. LOR mütəxəssisləri vurğulayırlar ki, qulaq ağrısı həmişə birbaşa qulaqla əlaqəli olmaya bilər: diş ağrısı, sinusit, boğaz infeksiyaları və çənə-çənə oynağı problemləri də qulağa yayıla bilər. Belə hallarda müalicə fərdi yanaşma tələb edir. Çənə əzələlərinin rahatlaması üçün gecə qoruyucuları və ya botoks inyeksiyaları tövsiyə olunur.
Mütəxəssislər valideynləri qulaq təmizləməsi barədə xəbərdar edirlər: Pambıq çubuqları və oxşar əşyalar qətiyyən istifadə edilməməlidir. Qulaq ağrısının müalicəsi əsas səbəbdən asılı olaraq dəyişir. Ağrıkəsicilər və antibiotik damcıları ümumiyyətlə xarici qulaq infeksiyaları üçün istifadə olunsa da, orta qulaq infeksiyaları üçün dərmanlar tətbiq olunur.
Qulaq kirinin yığılmasından qaynaqlanan ağrı üçün endoskop və ya mikroskopla peşəkar təmizləmə zəruridir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, evdə qulaqları təmizləməyə çalışmaq kirləri daha da dərinləşdirə və problemi daha da pisləşdirə bilər.
Otolarinqoloq Nərmin Zeynalova “Sherg.az”a qulaq ağrısının ən əzabverici ağrılardan biri olduğunu bildirib. Qulaq ağrısının orta qulağın infeksiyası xəstəliyi olduğunu xatırladan həkim qeyd edib ki, xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyalarından, soyuqdəymə və qripdən sonra törəyir: 
“Qripdən sonra baş verən qulaq ağrılarının əsas səbəbi kimi seroz otit göstərilir. Seroz otit müalicə olunmazsa, irinli otitə keçə bilər. Bu səbəblə qripdən sonra qulaq ağrısı hiss etdiyiniz zaman mütləq həkimə müraciət etmək lazımdır. Bir çox insan qulaq ağrısını ciddi qəbul etmir, “bir azdan keçər” deyərək gözləyir. Amma unutmaq olmaz ki, qulaq ağrısı bəzən orqanizmin verdiyi vacib xəbərdarlıq siqnalıdır.
Bu ağrı orta qulaq iltihabı, qulaq yolu infeksiyası, yevstax borusunun funksional pozğunluğu, sinusit, boğaz problemləri, nevroloji xəstəliklərdə, xoş və bədxassəli şişlərdə, hətta diş və çənə ilə əlaqəli narahatlıqlar zamanı da yarana bilər. Vaxtında diqqət yetirilmədikdə isə ağrı uzana, eşitmədə zəifləmə və digər fəsadlara səbəb ola bilər”.
Otolarinqoloq vurğulayır ki, qulaq ağrısının səbəbini müəyyən etmək üçün dəqiq diaqnostik üsullar vacibdir. Bu məqsədlə otoskopiya, audiometriya, kəllənin rentgenoqrafiyası və kompüter tomoqrafiyası aparılır. Həmçinin qulaqdan ötürülən möhtəviyyatın, qan analizinin müayinəsi ağrının mənşəyini dəqiqliklə təyin etməyə imkan verir: “Qripdən sonra qulaq ağrısı hiss etdiyiniz zaman həkimə müraciət edənə kimi qulaq ağrısını azaltmaq üçün yerli anestetiklər (qulaq damcıları) və yaxud ağrıkəsici tabletlərdən istifadə etmək olar. Reseptsiz satılan qulaq damcıları ağrıları aradan qaldırmağa və qulaqda iltihabı azaltmağa kömək edə bilər. Qulağa isti kompres tətbiq etmək ağrıları aradan qaldırmağa və iltihabı azaltmağa kömək edə bilər. Bol maye qəbul etmək vücudunuza infeksiya ilə mübarizə aparmağa kömək edə bilər. Lakin eşitmə itkisi, başgicəllənmə və ya digər simptomlarla qarşılaşsanız həkimə (LOR) müraciət etmək lazımdır.
Travma zamanı bu dərmanların özbaşına istifadəsi qəti qadağandır! Qulağı zədələyən patololi prosesə çox qısa zamanda baş beyin və kəllə sümükləri cəlb oluna bilər, bu səbəbdən ev şəraitində özünü müalicə yolverilməzdir”.