Rusiya göyərçinləri “biodron”a ÇEVİRİR

Rusiya startapı “Neiry” göyərçinləri mini-kameralarla təchiz edərək onları uzaq məsafələrdə kəşfiyyat üçün istifadə etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkət artıq ilk sınaq uçuşlarının baş tutduğunu açıqlayıb.

Göyərçinlərin beyninə neyroimplantlar yerləşdirilir və bu implantlar quşun marşrutunu müəyyən edir. İnsan neyroloji impulslar vasitəsilə göyərçini istiqamətləndirir.

Beyindəki çip kabel vasitəsilə nəzarətçi, GPS cihazı və günəş batareyası olan mini çantaya qoşulur. Göyərçinin sinəsinə isə kiçik bir kamera bərkidilir.

Şirkət bildirir ki, göyərçinlər “mexaniki dronların məsafə, çəki və digər limitlərlə üzləşdiyi yerlərdə” istifadə olunacaq.

“Meduza” xəbər portalının məlumatına görə, “Neiry”nin investorları arasında Putin tərəfindən yaradılmış “Milli Texnologiya Təşəbbüsü” də var.

Bundan əlavə, startap Moskva Dövlət Universiteti Süni İntellekt İnstitutu ilə əməkdaşlıq edir. Bu institutun rəhbəri isə Putinin qızı Katerina Tixonovadır.