ÜST-dən saxta dərmanlarla bağlı - XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə saxta SIMULECT (basiliksimab) preparatının aşkar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq yayıb. Saxta dərman Ruanda, Bolqarıstan və Türkiyədə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Məlumata görə, SIMULECT immunosupressiv dərmanlar qrupuna aiddir və böyrək transplantasiyası keçirmiş yetkin və uşaqlarda orqan rəddinin qarşısını almaq üçün istifadə olunur. Dərman inyeksiya üçün su ilə birlikdə flakon şəklində satılır və əsasən xəstəxana şəraitində tətbiq edilir.

Qeyd edilir ki, seriya nömrəsi SFYD2 olan SIMULECT məhsulları saxtadır. Saxta məhsullarda orojinaldan fərqli olaraq dozaj qeydində "mg" əvəzinə "MG" istifadə olunur, istehsal ölkəsi kimi "Fransa məhsulu" deyil, "İsveçrə və ya Fransa məhsulu" göstərilir.

Təşkilat bildirir ki, bu cür saxta preparatlar xəstələr üçün ciddi təhlükə yarada bilər. Risklərə aşağıdakılar daxildir:

- Terapevtik təsirsizlik nəticəsində orqanların rədd edilməsi;

- İmmunitetin həddindən artıq zəifləməsi və infeksiyalara qarşı həssaslıq;

- Tərkibində naməlum və ya zərərli maddələr səbəbilə allergik və toksik reaksiyalar;

- Steril olmayan inyeksiya nəticəsində infeksiya riski.

ÜST bu dərmanlardan istifadə etməməyi tövsiyə edir və şübhəli hallarla bağlı dərhal yerli səhiyyə orqanlarına məlumat verilməsini istəyir.