Yatmazdan 3 saat əvvəl yeməyi dayandırmaq ürəyə faydalıdır

ABŞ-də aparılan araşdırma göstərib ki, yatmazdan əvvəl son 3 saat ərzində yemək yeməmək ürək sağlamlığı və maddələr mübadiləsi üzərində müsbət təsir göstərir.

Sherg.az xəbər verir ki, tədqiqat Northwestern Medicine tərəfindən aparılıb və son yemək saatının ürək-damar sistemi və metabolizmə təsiri araşdırılıb.

Araşdırmanın gedişi

• Artıq çəkili iştirakçılardan ibarət birinci qrup yatmazdan ən azı 3 saat əvvəl yeməyi dayandırıb və 13-16 saatlıq gecə orucu tətbiq edib.

• İkinci qrup isə 11-13 saatlıq gecə orucunu davam etdirib.

• Bütün iştirakçılar yatmazdan 3 saat əvvəl işıqlandırmanı azaldıb.

• Tədqiqatda yalnız yemək vaxtı dəyişdirilib, kalori miqdarı isə eyni saxlanılıb.

Əldə olunan nəticələr

Son yemək saatını daha erkən vaxta keçirən qrupda:

• Gecə qan təzyiqi və ürək döyüntü tezliyi əhəmiyyətli dərəcədə azalıb,

• Qan şəkəri göstəriciləri yaxşılaşıb.

Tədqiqatda xüsusilə ürək xəstəliyi riski yüksək olan şəxslər üçün yemək saatını erkənləşdirməyin, pəhrizin məzmununu dəyişmədən tətbiq oluna bilən praktik üsul ola biləcəyi vurğulanıb.

Araşdırmada həmçinin qeyd olunur ki, bədənin bioloji saatı - sirkadiyen ritm - metabolizma və ürək funksiyaları da daxil olmaqla bir çox prosesi tənzimləyir. Metabolik sağlamlığın pozulması isə 2-ci tip diabet, qaraciyər piylənməsi və ürək xəstəlikləri riskini artırır.