Vaşinqtonun İran siyasətində iki paralel xətt özünü göstərir
ABŞ Prezidenti Donald Tramp İranla aparılacaq danışıqlara dair sərt mesaj verib. Tramp bildirib ki, ABŞ hərbi gəmilərinə ən güclü silah və sursatlar yerləşdirilir:
“Əgər razılaşma olmasa, onları istifadə edəcəyik. Çox effektiv şəkildə istifadə edəcəyik.”
Prezident İran tərəfi ilə bağlı etimadsızlıq ifadə edərək nüvə proqramı məsələsində ziddiyyətli açıqlamalar verildiyini də qeyd edib.
Trampın bu bəyanatı Vaşinqton-Tehran gərginliyinin artdığı bir dövrdə diqqət çəkib.
Göründüyü kimi Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində diplomatik ritorikadan daha çox güc nümayişinə əsaslanan siyasətin yenidən ön plana çıxdığını göstərir. “Hərbi gəmilərə ən güclü silahların yerləşdirilməsi” kimi ifadələr təkcə hərbi hazırlıq siqnalı deyil, eyni zamanda danışıqlar masasında psixoloji təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər.
Son dövrlərdə Vaşinqtonun Tehranla bağlı siyasətində iki paralel xətt müşahidə olunur: bir tərəfdən nüvə proqramı üzrə razılaşma axtarışı, digər tərəfdən isə hərbi çəkindirmə strategiyasının gücləndirilməsi. Trampın açıqlaması bu iki xəttin bir-biri ilə ziddiyyət təşkil etdiyini də ortaya qoyur.
İran tərəfinin ziddiyyətli mesajlar verdiyini iddia etməsi isə ABŞ-nin etimad böhranını daha da dərinləşdirdiyini göstərir. Bu isə danışıqların nəticə vermə ehtimalını azaldan əsas amillərdən biri kimi çıxış edir.
Belə bir ritorika regionda onsuz da yüksək olan gərginliyi daha da artırmaqla yanaşı, ABŞ-nin müttəfiqlərinə də “güc mərkəzli” siyasət mesajı verir. Nəticə etibarilə, proses təkcə İranla məhdudlaşmır, Yaxın Şərqdə ümumi təhlükəsizlik balansına da təsir göstərə biləcək xarakter daşıyır.