İran geri çəkilmir, Pezeşkianın şərtləri müharibəni daha da uzada bilər
“Müharibə uzansa, regionu ekoloji fəlakət və təhlükəli viruslar gözləyir”
İran, ABŞ və İsrail arasında baş verən müharibə artıq 13-cü günə qədəm qoyub. İranın dayanmadan Körfəz ölkələrindəki ABŞ bazalarını hədəfə alması regiondakı gərginliyi daha da artırır. Yaxın Şərqdə münaqişə genişlənəndən bəri, İran, Livan və İsraildə 1 800-dən çox insan həlak olub.
Müharibənin ilk günündə öldürülən ali rəhbər Əli Xamneidən sonra, oğlu Möctəba Xamneinin yaralanması vəziyyətin ciddiliyindən xəbər verir. Ölkə liderlərinin ziddiyyətli fikirləri isə səngimək bilmir. ABŞ Prezidenti Donald Tramp İranın elektroenergetika sistemini bir saat ərzində məhv edəcəklərini vurğulayaraq, qələbəyə yaxın olduqlarını iddia edir. İran prezidenti Məsud Pezeşkian isə cavabında, müharibəyə yalnız İranın beynəlxalq hüquqlarının tanınması, ölkəyə dəymiş ziyana görə təzminatın ödənilməsi və növbəti hücumla qarşılaşmayacaqlarına dair beynəlxalq təminat verilməsi halında son qoyacaqlarını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev Sherg.az-a açıqlamasında bildirib ki, İran prezidenti Məsud Pezeşkian İsrail və ABŞ-nin qarşısına çox sərt tələblər qoyub:
“Prezident bununla, nüvə və raket proqramına qoyulan məhdudiyyətin, eləcə də, nüvə silahı istehsalında mühüm rol oynayan SEPAH-ın terror təşkilatı elan edilməsi tələbinin aradan qaldırılmasını nəzərdə tutur. Müharibənin 13-ci günündə İran rəhbərliyinin danışıqlara meylli açıqlamalar verməsinin səbəbi, Trampın müharibəni qələbə ilə sonlandırdığını, deməsi ilə bağlıdır. Pezeşkian da ona cavabında, tələblərlə çıxış edərək, mövqelərindən geri çəkilmədiklərini bildirmək istəyir. Xüsusilə İran prezidentinin birinci tələbi ilə İsrailin razılaşacağını düşünmürəm. Çünki İranın güclü uzaqmənzilli raketləri və nüvə silahı potensialı, İsrail üçün kabusa çevrilə bilər. Pezeşkianın tələb etdiyi təzminata əsasən, ABŞ və İsrail İrana trilyonlarla vəsait ödəməlidir. Bu da tərəfləri qane etməyəcək”.
Politoloqun sözlərinə görə, İran tərəfi sülh danışıqları arzulasa da, irəli sürdüyü tələblər ABŞ və İsrail üçün ağırdır:
“Belə olan halda, vasitəçi ölkələrin İranın tələblərinə əsasən İsrail və ABŞ-ni danışıqlara çağırması uğursuzluqla nəticələnəcək. Tərəflərin sərt mövqedən geri çəkilməməsi, müharibənin bitəcəyinə dair ümidləri azaldır. İrana endirilən dron və raket zərbələrinə görə, region ekeloji fəlakətlə qarşı-qarşı dayanıb. Müharibə yaz aylarına qədər davam edərsə, ekoloji fəlakət ölümcül xəstəliklərin yaranmasına səbəb olacaq. Təhlükəli viruslar bütün bəşəriyyəti atomdan belə dəhşətli fəlakətlə üz-üzə qoya bilər. Ona görə də, sağlam düşüncədə olan ölkələrin vasitəçiliyi ilə İran, ABŞ və İsrail arasındakı müharibə danışıqlarla həll olunmalıdır. Trampın qələbə çağırışlarına inanmaq absürddür. Çünki onun fikirləri bir-biri ilə ziddiyyət təşkil edir. Yadınızdadırsa, seçkilər ərəfəsində o, hakimiyyətə gəldiyi təqdirdə, Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılacağına dair fikirlər səsləndirmişdi. Lakin o, prezident olduqdan sonra həmin sözləri, sarkazmla dediyini açıqladı”.
T. Əliyev bildirib ki, Tramp müharibədən geri çəkilsə belə, ABŞ-nin siyasi dairələri ölkənin reputasiyasının zədələnməməsi naminə prosesin yarım qalmasına icazə verməyəcək:
“ABŞ və İsrail müharibəyə başlamazdan öncə əsas məqsədlərini İranın nüvə silahından məhrum edilməsi və zənginləşdirilmiş uranın ölkədən çıxarılması üzərində qurmuşdu. İran rəhbərliyi, ikinci hücumdan sonra nüvə və raket proqramı layihələrini bərpa etməyin illər alacağını yaxşı bilir. Buna baxmayaraq, Pezeşkianın irəli sürdüyü tələblər, onların bu siyasətindən əl çəkmədiyini ortaya qoyur. Bu vəziyyət, ABŞ və İsrailin müharibədə qarşıya qoyduğu hədəflərə nail ola bilmədiyini göstərir. Digər tərəfdən isə müharibənin yarımçıq qalması, ABŞ-nin beynəlxalq nüfuzuna zərbə vuracaq. Bu da, Vyetnam müharibəsindən sonra ABŞ üçün ən ciddi və dağıdıcı zərbə ola bilər. Çünki Vaşinqton yeni qlobal düzənin formalaşmasına doğru hərəkət edir. ABŞ-nin yarımçıq savaşa imza atması, onun yeni hədəflərinin önünə kölgə salacaq”.