Ağ Ev Natiq Cəfərlinin təklifini müsbət qarşılayıb

Prezident Administrasiyasının təşəbbüsü ilə dəyirmi masaların və müzakirələrin təşkili mümkündür


Respublikaçı Alternativ Partiyası (REAL) Siyasi Komitəsinin sədri Natiq Cəfərli Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb. Partiyanın mətbuat xidməti məlumat yayıb ki, söhbət zamanı ölkədəki siyasi-ictimai durum, qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, Qarabağ və Şərqi Zəngəzura köç məsələlərinə toxunulub. Dövlət və siyasi partiyalar arasında mütəmadi fikir mübadiləsinin davam etdirilməsinin vacibliyi görüşdə bir daha qeyd olunub. 

REAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a açıqlamasında deyib ki, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onun komandası siyasi partiya rəhbərləri ilə tez-tez görüşərək müxtəlif müzakirələrin aparılmasına çalışırlar. Partiya rəhbərinin qənətincə, bu, çox sevindirici və kifayət qədər yaxşı ənənədir:

 "Artıq belə bir ənənə formalaşıb. Hər dəfə müzakirələr zamanı ölkənin gələcəyi ilə bağlı, müxtəlif problemlərə dair ciddi fikir mübadiləsi olur. Budəfəki görüşdə də Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə, Qarabağa və Şərqi Zəngəzura köçlə, ölkənin ümumi ictimai-siyasi vəziyyəti ilə bağlı müzakirələr aparıldı. Təkliflərimdən biri o oldu ki, Prezident Administrasiyasının təşəbbüsü ilə gələcəkdə konkret mövzularla bağlı dəyirmi masaların və müzakirələrin təşkili mümkün olsun. Bu təklifim çox xoş qarşılandı". 

N.Cəfərli düşünür ki, iqtisadi-sosial məsələlərin həlli ilə bağlı müzakirələrin təşkil olunması çox yaxşı olardı:
 "Hörmətli Ədalət müəllim tərəfindən bu, çox maraqla qarşılandı. Ümid edirəm ki, yaxın gələcəkdə bununla bağlı əməli addımlar atılacaq. Bundan öncə müxtəlif məsələlərlə bağlı bir neçə dəfə dəyirmi masalar keçirilib. Bunun təsirlərini də biz görmüşük. Ən azından "Siyasi partiyalar haqqında" qanunun daha da işlək vəziyyətə gətirilməsi ilə bağlı PA tərəfindən təşkil olunan müzakirələrin kifayət qədər pozitiv effekti olub".