Monteneqro, Albaniya və digər potensial yeni Avropa İttifaqı (Aİ) üzvləri digər dövlətlərin üzvlüyünə veto qoymaq hüququndan məhrum ediləcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Monteneqronun “Vijesti” qəzeti Aİ-nin diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Aİ bu bəndin Monteneqronun üzvlük sazişinə daxil edilməsi ilə bağlı praktiki olaraq konsensus əldə edib. Albaniya Baş naziri Edi Rama artıq Aİ-nin gələcək genişlənməsi ilə bağlı veto hüququndan imtina etməyə hazır olduğunu bildirib.
Nəşr qeyd edib ki, veto məhdudiyyəti Brüsselin Ukrayna və Moldova, eləcə də Balkan dövlətləri ilə danışıqlarına da şamil ediləcək. Bu tədbir Xorvatiya və Bolqarıstanın Monteneqro və Şimali Makedoniyanın Aİ-yə inteqrasiyasına mane olması fonunda tətbiq olunur.
Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bundan əvvəl Albaniya, Moldova, Ukrayna və Monteneqronun 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola biləcəyini açıqlamışdı.