“Tural İrfan: İrəvan bu sənədi imzalayaraq gələcək münaqişəyə yer açır”
2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi regional münasibətlərə təsir göstərəcək mövqedədir. Sənəd növbəti 7 il üçün Aİ və Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirir və bəzi hissələrində Azərbaycanla bağlı məsələlərə toxunur.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, sənəddə Azərbaycanın təqdim etdiyi reinteqrasiya planından sonra Ermənistana könüllü şəkildə miqrasiya etmiş şəxslərə istinad edilməsi və onların “qaçqın” statusunda qeyd olunması, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının regionda normallaşma proseslərinə dəstək olaraq göstərilməsi, Bakının mövqeyinə görə müəyyən narahatlıqlar doğurur.
Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında Aİ və Ermənistanın imzaladığı sənədin qərəzli olduğunu söyləyib:
"Bu, sülh prosesinə zərbədir. Avropa İttifaqında bəzi ölkələr çox zaman xristian təəssübkeşliyini və səlibçi təfəkkürü unutmurlar. Ermənistanın özünün belə cəhd etmədiyi, təşəbbüs göstərmədiyi bu kimi qərəzli, anti-demokratik, anti-humanist mövqeyin nümayişi yenidən problem yaratmaq üçün gələcəyə hazırlıq xarakteri daşıyır. Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə zidd olan bu sənədin qəbulu əsla qəbuledilməzdir. İrəvan da bu cür məsələlərdə Aİ-nın təxribatlarına uyarsa, sülh prosesinə xələl gətirmiş olacaq. Reallıqları təhrif edən və subyektiv mövqedən nəşət tapan bu qərar Aİ-nin keçmiş münaqişə dövründə də belə nifaqsalıcı addımlar atdığının bir daha sübutudur. Bu sənəddə birbaşa Azərbaycan hədəf alınıb. Azərbaycan heç bir ermənini zorla köçürməyib. Bütün dünya gördü ki, özləri köçən ermənilərə Azərbaycan qalmalarını təklif etdi, hətta getməmələri üçün təşəbbüs də etdi. İndi Avropa İttifaqının həmin erməniləri qaçqın adlandırması tamamilə orta əsrlərin səlib yürüşü ideoloji xəttinin davamıdır. Azərbaycanlıların Ermənistandan deportasiya edilərək, dəfələrlə soyqırımına məruz qalmalarına isə barmaqarası baxan Aİ-nin bu mövqeyi heç bir beynəlxalq qanuna uyğun deyil".
Politoloq Ermənistanın Azərbaycana qarşı qaldırdığı əsassız iddiaların həyata keçirilməsinin dəstəklənməsini də qərəzli və ədalətsiz olduğunu söyləyib:
"Aİ-nin ədalətsiz və açıq qərəzli mövqeyinin bu sənəddə əksini tapması bölgədə sülhə doğru inkişaf edən proseslərə zərbə vurmaq mahiyyəti daşıyır. Avropa İttifaqının xristian təəssübkeşliyi keçmiş Qarabağ münaqişəsi dövründə də hər zaman özünü göstərib. Biz bunu ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyində də görmüşük. Bununla paralel Ermənistan bu cür sənədləri imzalamaqla əslində gələcək üçün münaqişə yaratmağa yer saxlayır. Əks halda İrəvan Aİ-nin bu cür düşmənçilik missiyasına xidmət edən sənədindən imtina etməlidir".