Analitik: TDT vahid və mərkəzləşmiş bir güc mərkəzinə çevrilmə istiqamətindədir

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə çıxışında bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır:
"Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir".
Prezident İlham Əliyev qeyd edib ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil:
"Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir".
Politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündəki çıxışı əslində Türk dünyasının gücünü nümayiş etdirir:
"Burada əsas mesaj odur ki, artıq TDT vahid və mərkəzləşmiş bir güc mərkəzinə çevrilmə istiqamətindədir. Bu çıxış geosiyasi proseslərin inkişafı kontekstində açılma kimi görünür. Hazırda dünyəvi nizam çoxqütblülük sistemə doğru keçir: Çin yüksəlir, ABŞ hələ də güclüdür, Avropa yeni rol almağa çalışır, Rusiya isə özünü güc mərkəzi kimi göstərməyə çalışır. 2020-ci ildən sonra baş verən proseslər dünyanın çoxqütblü sistemə keçdiyini göstərir. Bu şəraitdə türk dövlətlərinin vahid bir güc mərkəzinə çevrilməsi onların mövqeyini möhkəmlədə bilər. Əks halda, türk dilli ölkələr ayrı-ayrı hərəkət etsə, geosiyasi rəqabətə məruz qalacaqlar ki, bu da milli maraqlara zərər verə bilər. Ona görə də türk dövlətlərinin daha sıx birləşməsi və geosiyasi partiyalarda güc mərkəzinə çevrilməsi vacibdir.
Prezidentin çıxışı həm də göstərir ki, türk dünyası yeni çoxqütblü sistemdə öz yerini və rolunu güc mərkəzi olaraq təsdiq etməlidir. Azərbaycanda TDT-yə üzv olan ölkələrin hərtərəfli inteqrasiyası ilə bağlı təkliflərin irəli sürülməsi bu məqsədə xidmət edir. Bu, təşkilatın simvolik mövqeyindən praktik güc mərkəzinə çevrilməsi kimi qəbul oluna bilər. Güc mərkəzinin formalaşmasında siyasi və iqtisadi güc ilə yanaşı hərbi güc də vacibdir. Prezidentin təklif etdiyi kimi, təşkilat çərçivəsində hərbi təlimlərin keçirilməsi öz hərbi imkanlarının nümayişi deməkdir. Bəs TDT-nin vahid orduya malik olması mümkündürmü? Bunun texniki və siyasi çətinlikləri var. Məsələn, Türkiyə NATO üzvüdür; Qazaxıstan və Özbəkistan kimi bəzi ölkələr isə öz regional əməkdaşlıqlarına malikdir. Yeni bir ittifaq yaratmaq həmin ölkələrin mövcud ittifaqlardan çıxması ilə nəticələnə bilər ki, bu asan görünmür. Buna baxmayaraq, qeyri-rəsmi əməkdaşlıq və ortaq hərbi təlimlər vasitəsilə təşkilati inteqrasiyanın ilkin addımları atıla bilər.
Hərbi təlimlərin keçirilməsi qeyri-rəsmi şəkildə ordunun formalaşmasına təkan verə bilər. Tarixən türkdilli dövlətlər simvolik hərbi əməkdaşlıqlara gediblər. İndi isə bu simvolik addımlar praktikaya çevrilməkdədir".
Analitikin fikrincə, ortaq hərbi təlimlər həmin orduların gələcəkdə vahid mərkəzdən idarə edilməsinin əsasını təşkil edə bilər:
"Bu cür təlimlər və siyasi müqavilələr vasitəsilə daha sıx əməkdaşlıq əldə etmək mümkündür. Məsələn, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında imzalanmış müqavilə olaraq nümunə göstərilə bilər. Bənzər müqavilələr digər türk ölkələri arasında imzalanarsa, bu, türk ittifaqının formalaşmasının mühüm komponenti ola bilər. Nəticə etibarilə, Prezidenti İlham Əliyevin çıxışı türk dünyasının həm simvolik, həm də praktik güc mərkəzinə çevrilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Bu proses siyasi, iqtisadi və hərbi sahələrdə davamlı əməkdaşlıqla daha da möhkəmlənəcək".