Naqif Həmzəyev: “20 sentyabr Azərbaycanın tam suverenliyinin bərpa olunduğu gündür”
19–20 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələri Qarabağ bölgəsində lokal antiterror tədbirləri həyata keçirdi. Əməliyyatın məqsədi bölgədə hələ də qalmış Ermənistan silahlı birləşmələrinin zərərsizləşdirilməsi, qanunsuz hərbi infrastrukturun ləğvi və Azərbaycan ərazilərində suverenliyin tam bərpası idi. Cəmi bir gün davam edən əməliyyat nəticəsində qeyri-qanuni dəstələr təslim oldu, ağ bayraq qaldırıldı və 20 sentyabr tarixində Azərbaycan dövlət suverenliyi tam şəkildə təmin edildi. Bu hadisə Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və həmin gün indi Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistan tərəfinə sülh əlini uzatdı:
"Ermənistan silahlı qüvvələrinin tərkibində olan 10 mindən artıq qeyri-qanuni hərbi birləşmənin və separatçıların Azərbaycan ərazilərini tərk etməsi üçün dəfələrlə çağırış edildi. Lakin buna baxmayaraq, Ermənistan tərəfi təxribatlara əl atdı. Beynəlxalq güclərə və havadarlarına arxalanaraq, müxtəlif platformalarda Azərbaycana qarşı təzyiqləri artırdı və Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni görməzdən gəldi.
İmzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçıran Ermənistan 2021-ci ildən sonra istehsal etdiyi yeni minaları Azərbaycan ərazilərinə basdıraraq əlavə problemlərə səbəb oldu. Nəticədə Azərbaycanın 360-dan çox mülki və hərbi vətəndaşı bu minaların qurbanına çevrildi – yaralandı, əzalarını itirdi və ya şəhid oldu. 2023-cü ilin aprel ayında Laçın yolu üzərində ekoloji keçid məntəqəsi yaradıldı və Azərbaycan ekofəalları ərazilərimizdə qanunsuz fəaliyyət göstərən erməni şirkətlərinin fəaliyyətinin dayandırılması tələbi ilə aksiya keçirdilər. Bu proseslər Ermənistanın qeyri-qanuni silahlı dəstələrinə və ərazilərimizdə fəaliyyət göstərən şirkətlərə qarşı sonuncu xəbərdarlıq idi. Lakin Ermənistan tərəfi yenidən təxribatlara əl atdı. 2023-cü ilin sentyabr ayında Azərbaycan polis əməkdaşları növbəti mina terrorunun qurbanı oldular. Bunun qarşısını almaq və erməni terrorunun kökünü kəsmək üçün Azərbaycan Silahlı Qüvvələri 19 sentyabr tarixində lokal antiterror tədbirlərinə başladı".
Deputat əlavə edib ki, cəmi bir gün davam edən əməliyyat nəticəsində qeyri-qanuni silahlı dəstələr təslim olaraq ağ bayraq qaldırdılar:
"20 sentyabr 2023-cü ildə isə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Artıq iki ildir ki, biz 20 sentyabr tarixini Dövlət Suverenliyi Günü kimi qeyd edirik. O gündən etibarən Azərbaycanın bütün rayon və şəhərlərində, xüsusilə Xocalı, Xocavənd və digər bölgələrimizdə üçrəngli bayrağımız ucaldıldı. Silahlı qüvvələrimiz sərhəd boyunca mövqelərini möhkəmləndirdi və bu gün hər qarış torpağımızda dövlətimizin suverenliyi təmin olunub. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş bütün rayon və şəhərlərə səfərlər etdi, hər yerdə üçrəngli bayrağımız dalğalandı. Artıq keçmiş məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdırlar. Bu gün yeni ailələrin azad olunmuş ərazilərə köçdüyünün şahidi oluruq və soydaşlarımızın necə xoşbəxt şəkildə həyatlarını bərpa etdiklərini görürük. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm ki, bizə bu günləri yaşamağı nəsib etdi.
Eşq olsun Azərbaycan oğullarına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Ali Baş Komandan, cənab Prezident İlham Əliyev"!