“Avropa artıq qlobal güc deyil” - Papuaşvili Aİ-yə meydan oxudu

Parlament sədri Şalva Papuaşvili Venesuelada baş verən proseslərin II Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq təhlükəsizlik sisteminin artıq faktiki olaraq mövcud olmadığını göstərdiyini bildirib.

24News.ge xəbər verir ki, jurnalistlərə açıqlama verən Papuaşvilinin sözlərinə görə, Avropa İttifaqı qlobal güc kimi mövqeyini itirib.

"Venesuelada baş verən proseslər göstərir ki, II Dünya müharibəsindən sonra razılaşdırılmış təhlükəsizlik sistemi artıq çoxdan faktiki olaraq mövcud deyil. Maduroya gəlincə, bizim “gürcü Maduro” (Saakaşvili-red) Rus­tavi şəhərindəki 12 saylı həbsxanada oturur", - deyə Papuaşvili qeyd edib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Konqreslə məsləhətləşmədiyi kimi, Avropa İttifaqı ilə də hesablaşmır.

Parlament sədri vurğulayıb ki, Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında mühüm rol oynasa da, Aİ-nin qlobal proseslərə təsir imkanları zəifləyib. Onun sözlərinə görə, Avropa İttifaqının Mali və Mərkəzi Afrika Respublikası kimi regionlarda fəaliyyəti də bu kontekstdə suallar doğurur.

Şalva Papuaşvili bildirib ki, bir neçə il əvvəl dünyanın aparıcı iqtisadi güclərindən biri olan Avropa İttifaqı hazırda iqtisadi durğunluqla üz-üzədir. O, bunu Brüsseldəki seçilməmiş bürokratiyanın yanlış və düşünülməmiş siyasətinin nəticəsi kimi qiymətləndirib.

Parlament sədri, həmçinin Ukraynada davam edən müharibənin Avropa İttifaqının təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşımasına baxmayaraq, Aİ-nin danışıqlar prosesində yer almamasını tənqid edib.

Onun fikrincə, Avropanın qlobal proseslərdə söz sahibi olmaması məhz mövcud siyasi idarəetmə modelinin nəticəsidir. Papuaşvili əlavə edib ki, Avropa İttifaqı artıq qlobal güc statusunu itirib və mövcud vəziyyətin dəyişməsi çətin görünür.