Azərbaycan ilə BƏƏ arasında möhkəm əməkdaşlıq bazası formalaşıb -ŞƏRH

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan ilə bu ölkə arasında mövcud olan ikitərəfli münasibətlər kontekstində dəyərləndirilir. Son illər ərzində tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və müxtəlif sahələri əhatə edən əlaqələr inkişaf etməkdədir. Səfər çərçivəsində aparılan görüşlər və müzakirələr ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri baxımından əhəmiyyət daşıyır.

Politoloq Hüseyn İbrahimov Sherg.az-a açıqlamasında prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi bu səfərin hər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin yeni və mühüm mərhələsi olduğunu söyləyib:

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji, iqtisadi və mədəni sahələri əhatə edən yüksəksəviyyəli beynəlxalq münasibətlər mövcuddur. Bu əlaqələr Azərbaycanın müstəqillik əldə etməsindən sonra ardıcıl şəkildə inkişaf edib. Son illərdə isə dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan dostluq və əməkdaşlıq müstəvisində davam edir. İkitərəfli münasibətlər təkcə mədəni sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, sosial və gələcək inkişafı təmin edən irimiqyaslı layihələri də əhatə edir. Xüsusilə yaşıl enerji, iqlim dəyişikliklərinin qarşısının alınması və ekoloji mühitin qorunması istiqamətində birgə layihələrin həyata keçirilməsi hər iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında da dostluq münasibətləri Yaxın və Orta Şərq regionunda mühüm yer tutur. Bu əlaqələr qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçılarının “Gələcəyin Oyunları” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı gələcəkdə yeni əməkdaşlıq platformalarının formalaşacağını göstərir. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı “Gələcəyin Oyunları 2025” kimi silsilə layihələrin davamlı xarakter daşıyacağını və digər ölkələrin də bu təşəbbüslərə qoşulmasının strateji hədəf olduğunu nümayiş etdirir". 

Politoloq bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göstərdiyi diqqət, sosial və bərpa layihələrinə verdiyi dəstəyin ikitərəfli münasibətlərin real nəticələrə əsaslandığını təsdiqləyir:

"Azərbaycan vətəndaşlarının bu ölkələrə səfərlərinin artması, eləcə də Əmirliklər və Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana marağının yüksəlməsi xalqlar arasında qarşılıqlı anlaşma və inteqrasiyanın gücləndiyini göstərir. Prezidentin Əbu-Dabiyə səfəri gələcək inkişaf platformalarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz və digər nəqliyyat-logistika marşrutlarının reallaşdırılması çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin potensial tərəfdaş kimi rolunun artacağı gözlənilir. Dövlət başçıları arasında keçirilən görüşlər onu göstərir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında həm taktiki, həm strateji, həm də uzunmüddətli perspektivə hesablanmış möhkəm əməkdaşlıq bazası formalaşıb və bu əlaqələr uğurla davam etdirilir".