Vaşinqton üçün açar ölkə bəllidir, Bakı regionda etibarlı strateji platformadır
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə məsələlər müzakirə olunub.
XİN-dən verilən xəbərə görə, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib. Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşü şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Sherg.az-a bildirib ki, Azərbaycan ABŞ Strateji Tərəfdaşlığı yeni geosiyasi reallıqlar fonunda artıq klassik diplomatik çərçivəni aşaraq tərəflərin dəyişən beynəlxalq sistemdə maraqlarını yenidən sinxronlaşdırdığı strateji mərhələ kimi qiymətləndirilməlidir.
Y. Hacıyeva qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə aparılan müzakirələr təkcə ikitərəfli münasibətlərin texniki davamı deyil, həm də enerji, ticarət, ortaq maraqlar ətrafında regional əlaqələr və investisiya kimi kritik sahələrdə əməkdaşlığın daha dərin və nəticəyönümlü fazaya keçidini təsdiqləyir:
"Bu prosesin mərkəzində Azərbaycanın enerji təhlükəsizliyində artan rolunun institusionallaşması dayanır.
Avropanın alternativ enerji mənbələrinə yönəlməsi fonunda Azərbaycan qazının strateji yükünün artması ABŞ üçün regionda etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşın əhəmiyyətini artırır.
Beləliklə enerji əməkdaşlığını sırf iqtisadi müstəvidən çıxararaq geosiyasi sabitliyin formalaşdırıcı elementinə çevirir.
Paralel olaraq Orta Dəhliz üzərindən ticarət marşrutlarının şaxələndirilməsi Çindən Avropaya uzanan alternativ logistika arxitekturasını gücləndirir.
Qlobal ticarət komunikasiyalarında inhisarçı meyilləri zəiflədir və yeni güc balansının formalaşmasına xidmət edir.
Bu da ABŞ üçün regionda iqtisadi və strateji təsir imkanlarının genişlənməsi anlamına gəlir".
Y. Hacıyevanın fikrincə, Azərbaycanda formalaşan investisiya mühiti və iqtisadi islahatlar xarici kapital üçün dayanıqlı platforma yaradaraq ABŞ şirkətləri ilə iqtisadi inteqrasiyanı dərinləşdirir:
"Bu iqtisadi qarşılıqlı asılılıq siyasi dialoqu daha praqmatik və qarşılıqlı maraqlat əsaslı müstəviyə keçirir. Siyasi və iqtisadi lobbi qruplarının sifarişli və ya ideoloji gərginlikləri arxa plana ataraq uzunmüddətli sabitlik məntiqini gücləndirir.
Nəticə etibarilə, bu faktorlar Azərbaycanın yalnız enerji və tranzit ölkəsi deyil, həm də qlobal maraqların kəsişdiyi və uzlaşdırıldığı strateji aktor kimi mövqeyini möhkəmləndirir və Cənubi Qafqazın geosiyasi arxitekturasında ölkəmizin rolunu keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Mövcud reallıqlar isə göstərir ki, Bakı artıq yalnız regional aktor deyil, qlobal güc mərkəzlərinin maraqlarının toqquşduğu və eyni zamanda balanslaşdırıldığı strateji platforma funksiyasını yerinə yetirən mərkəzə çevrilməkdədir".