Çin və Azərbaycan əməkdaşlığı yeni mərhələyə çıxarmaq niyyətindədir -ŞƏRH

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubunda deyilib: "Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram".

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Si Cinpin tərəfindən İlham Əliyev ünvanlanan bu mesaj Çin-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini açıq şəkildə göstərir. Onun fikrincə xüsusilə “hərtərəfli strateji tərəfdaşlıq” ifadəsi iki ölkə arasında təkcə iqtisadi deyil, siyasi və diplomatik sahələrdə də dərin əməkdaşlığın formalaşdığını göstərir:

"Bu yanaşma onu deməyə əsas verir ki, tərəflər qarşılıqlı etimadı daha da gücləndirmək və əməkdaşlığı yeni mərhələyə çıxarmaq niyyətindədir. Bu isə həm regional sabitlik, həm də iqtisadi inkişaf baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Son illər Azərbaycan və Çin arasındakı iqtisadi, siyasi əlaqələr getdikcə inkişaf edir. Çin dünyanın yüksələn gücüdür. Azərbaycan Çin üçün xüsusi əhəmiyyətə malikdir. Ölkəmiz resurslarla zəngindir və ticarət yolların qovşacağında yerləşir. Strateji əhəmiyyətinin böyüklüyü Azərbaycanı Çin üçün kifayət qədər cəlbedici ölkəyə çevirir. Rəsmi Pekin son zamanlar Azərbaycana xüsusi maraq göstərir. Azərbaycan da Çinlə əməkdaşlıqdan məmnunluq duyur. Son dövrlər iki ölkə arasında ticarət dövriyyəsi artır və Çin Azərbaycanın dördüncü ən böyük tərəfdaşına çevrilib. Azərbaycan və Çin arasında əməkdaşlıq müxtəlif layihələrdə xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək".