Bakı-Tbilisi-Qars dəmir yolu regional tranziti və normallaşma prosesini sürətləndirir
Ötən gün Prezident İlham Əliyev xanımı ilə birlikdə Gürcüstana rəsmi dövlət səfəri həyata keçirib. Səfər çərçivəsində dövlət başçısı, gürcüstanlı həmkarı Mixail Kavelaşvili ilə görüşərək iki ölkə arasında strateji tərəfdaşlığın hazırkı vəziyyətini müzakirə edib.
Tərəflər iqtisadi, siyasi, energetika, eləcə də yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüş zamanı M.Kavelaşvili Azərbaycanla möhkəm strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin Gürcüstan üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Daha sonra ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşən Azərbaycan lideri, ötən il Gürcüstanla ticarət dövriyyəsinin 800 milyon dollardan çox olduğunu açıqlayıb. İ. Əliyev həmçinin orta dəhlizin Gürcüstan və Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək, bu yolun əsas nəqliyyat damarı olduğunu diqqətə çatdırıb. Söhbət zamanı, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin son durumu da müzakirə obyektinə çevrilib. İ. Kobaxidze Gürcüstanın hər zaman sülhün tərəfdarı olduğunu bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sherg.az-a bildirib ki, Azərbaycan və Gürcüstan arasında siyasi dialoq qarşılıqlı etimada əsaslanır:
“Dövlət başçılarının və hökumət nümayəndələrinin mütəmadi səfərləri bu münasibətlərin dərinliyini və sabitliyini nümayiş etdirir. Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır. İqtisadi əməkdaşlıq isə bu münasibətlərin əsas sütunlarından biridir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin təşviqi və iqtisadi əlaqələrin şaxələndirilməsi iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını gücləndirir. Ötən il ərzində Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881 milyon ABŞ dolları təşkil edib. Enerji sahəsində tərəfdaşlıq da xüsusi əhəmiyyət daşıyır”.
Deputatın sözlərinə görə, Azərbaycan qazının Gürcüstan üzərindən Avropaya nəqli, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:
“Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız ikitərəfli deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. 5 milyon ton daşıma gücünə malik Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şərqlə Qərb arasında səmərəli bağlantı yaradaraq, regionun tranzit potensialını artırır. Hazırki regional geosiyasi proseslər bu yolun Avropa-Asiya istiqaməti üzrə əhəmiyyətini artırıb”.
P. Vəliyeva, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanla Ermənistan üçün rolu barədə danışıb:
“Yeni əməkdaşlıq sahəsi olan, Bakı-İrəvan normallaşma və etimad-quruculuğunun növbəti addımı kimi Ermənistana Azərbaycan neftinin daşınması da məhz buradan keçir. Bakı və Tblisi arasındakı humanitar və mədəni əlaqələr xalqlar arasında dostluq və qarşılıqlı anlayışı daha da gücləndirir. Eyni zamanda, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyərək, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirirlər. Bir sözlə, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də geniş regional və qlobal kontekstdə mühüm rol oynayır”.