Deputat: Heydər Əliyev Azərbaycanın ən çətin vaxtlarında xilaskar kimi meydana çıxdı

Dekabrın 12-də Azərbaycan xalqı, tariximizin ən görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin anım gününü qeyd edəcək. Onun adı yalnız siyasi lider kimi deyil, çətin dövrlərdə dövlətçiliyi qoruyub ayaqda saxlayan, milli birliyi bərpa edən və müasir Azərbaycanın əsaslarını formalaşdıran şəxsiyyət kimi yadda qalıb. Heydər Əliyevin idarəçilik təcrübəsi, uzaqgörənliyi və milli maraqlara sədaqəti ölkənin inkişaf yolunu müəyyənləşdirən əsas amillərdən biri oldu.

Bu gün də Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları, hüquqi əsasları və milli həmrəyliyi onun müəyyən etdiyi prinsiplər üzərində möhkəmlənməkdədir. Ulu Öndərin irsi zaman keçdikcə daha aydın görünür, dövlətin sabitliyini, xalqın birliyini təmin edən dəyər kimi yaşayır.

Sherg.az-a danışan Millət vəkili Hikmət Babaoğlu Heydər Əliyevin böyük dövlət xadimi, məharətli siyasətçi və uzaqgörən lider olduğunu söyləyib: 

"O, müstəqil Azərbaycan dövlətinin ən çətin vaxtlarında xilaskar kimi meydana çıxdı. Bununla yanaşı, dövlətə öz mahiyyətini qaytardı və vətəndaşlarla dövlət arasında əlaqəni hüquqi baxımdan qorudu. Məhz onun rəhbərliyi ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Ən mühüm məsələlərdən biri isə ortaq həmrəyliyi təmsil edən siyasi şüurun formalaşdırılması idi. Ulu Öndərin Azərbaycançılıq ideologiyası həm dövlətçilik fəlsəfəsinə, həm də Azərbaycan xalqının siyasi şüurunun əsasına çevrildi. Bu ideologiya hər bir Azərbaycan vətəndaşının özünü milli dövləti ilə identifikasiya etməsinə şərait yaratdı".

Deputat qeyd edib ki, 1991-1993-cü illərdə Azərbaycanda baş verən vətəndaş müharibəsinin və etnik separatçılığın əsas səbəblərindən biri vətəndaşların öz dövlətləri ilə identifikasiya olunmaması idi: 

"Bütün bu proseslər arxada qaldıqdan sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbaycanın iqtisadi siyasəti, xarici siyasəti və diplomatiyası yeni mərhələyə qədəm qoydu. Dövlətinin sosial mahiyyəti və hüquqi dövlət prinsipləri də məhz Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələr sayəsində formalaşdı".