Əliyevin nüfuzu Azərbaycanın beynəlxalq proseslərdə rolunu artırır -ŞƏRH

İlham Əliyevin BMT sessiyasında keçirdiyi görüşlər ölkənin nüfuzunu yüksəldir
Ceyhun Məmmədov: Qlobal əməkdaşlıqlar Azərbaycanın iqtisadiyyatına güc qatacaq
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorka səfəri davam edir. Səfər zamanı dövlət başçısı bir sıra ölkə prezidentləri və aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərin bir çoxunun qarşı tərəfin təşəbbüsü ilə baş tutması, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin təsisçisi və icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb. Tərəflər infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarını və birgə investisiyaların regional əməkdaşlıqlarda rolunu müzakirə ediblər.
Azərbaycan Prezidentinin ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşündə isə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu vurğulanıb.
Dövlət başçısı Portuqaliya Prezidenti Marselo Rebelo de Souza ilə də görüşüb. Portuqaliya Prezidenti İlham Əliyevi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunan nəticələr münasibətilə təbrik edib.
Nyu-Yorkda baş tutan daha bir görüşdə Prezident İlham Əliyev dünyanın ən iri investisiya idarəetmə şirkətlərindən biri olan “Franklin Templeton”un baş icraçı direktoru Cenni Conson ilə danışıqlar aparıb. Söhbət zamanı qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyadakı rolu müzakirə olunub.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a deyib ki, bu gün Azərbaycan xalqı Cənab Prezidentin Nyu-Yorka səfərini və oradakı görüşlərini çox yüksək qiymətləndirir və diqqətlə izləyir:
"İlham Əliyevin Donald Tramp ilə görüşü və onun haqqında səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Bütün bu məqamlar Cənab Prezidentin şəxsiyyətinin nüfuzundan xəbər verir. Burada həmçinin Prezidentin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşləri də böyük önəm daşıyır. Çünki adı çəkilən şirkətlər dünya iqtisadiyyatında çox böyük paya malikdir. Azərbaycanın həmin şirkətlərlə sıx əməkdaşlıq etməsi və ölkə başçısının onlarla fikir mübadiləsi aparması olduqca əhəmiyyətlidir. Bu şirkətlər həm çox vacib, həm də strateji əhəmiyyətli qurumlardır. Onlarla əməkdaşlığın inkişafı Azərbaycanın iqtisadi gücünün artırılmasına, iqtisadiyyatın möhkəmlənməsinə xidmət edir. Əvvəllər biz müəyyən səbəblərdən bu şirkətlərlə əməkdaşlıq edə bilmirdik. İndi isə bunun üçün əlverişli imkan yaranıb. Bu əməkdaşlıqlar ümumi proseslərə öz töhfəsini verəcək və həmin məsələlərdə Azərbaycanın da söz sahibi olmasına imkan yaradacaq".