Eray Güçlüer: Azərbaycan TDT-ni qlobal təzyiqlərdən qoruyan əsas aktordur

Türk Dövlətləri Təşkilatı (TDT) qlobal və regional mühitdə dəyişən geosiyasi proseslər fonunda əhəmiyyətini artırmaqdadır. Bu çərçivədə Azərbaycanın təşkilatdakı yeri tez-tez vurğulanır. TDT-nin Baş katibinin müavini Ömər Kocaman Bakıda keçirilən media və informasiya üzrə məsul nazirlərin 7-ci toplantısında “Azərbaycan TDT-nin ayrılmaz hissəsidir” ifadəsini səsləndirib. O, Prezident İlham Əliyevin Türk dünyasını ölkənin əsas tərəfdaşlıq məkanı kimi dəyərləndirdiyini bildirib.

Eyni zamanda müasir informasiya mühiti dövlətlərin imicinə və əməkdaşlıq imkanlarına təsir edən mühüm sahə kimi dəyərləndirilir. Bu səbəbdən TDT çərçivəsində media əməkdaşlığının genişləndirilməsi və Jurnalistlər Birliyinin yaradılması da gündəmdədir.

Türk siyasətçi, İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer Sherg.az-a açıqlmasında TDT-də Azərbaycanın xüsusi rol oynadığını vurğulayıb:

"TDT öz inkişafını davam etdirir. Lakin burada can Azərbaycanının mühüm yeri var. Azərbaycanın TDT-yə ən böyük töhfəsi, təşkilat üzərindəki qlobal imperialist təzyiqləri tarazlaşdıra bilmək qabiliyyətidir. TDT üzərində həm ABŞ-Avropa, yəni Qərb, həm də Rusiya-Çin xəttinin güclü təzyiqi mövcuddur. Xüsusilə ABŞ-nin Xəzərin şərqində və şimalında yerləşən türk dövlətlərini qeyri-stabil vəziyyətə salmaq istiqamətində Rusiya və Çinlə apardığı ciddi mübarizə var. Lakin Azərbaycanı güclü liderin idarə etməsi və şərqində Xəzər dənizinin yerləşməsi səbəbindən bəzi mənfi təsirlərin coğrafi baxımdan sirayət etməsinin qarşısını almaq mümkündür. Bununla yanaşı, Azərbaycanın milli güc potensialını artıraraq Türküstan coğrafiyasında ən güclü dövlətlərdən birinə çevrilməsi TDT daxilindəki əhəmiyyətini artırır. Bu, eyni zamanda TDT-də moderasiyaedici, tənzimləyici və sabitlik yaradan təsirlərin formalaşmasına səbəb olur. Mətbuat federasiyasının qurulması da bunun bir nəticəsidir".

Ekspert Azərbaycanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ilə Qarabağı azad etməklə yanaşı Ermənistanı da yenidən dizayn etdiyini qeyd edib:

"Azərbaycan Ermənistanı təhdid siyasəti yürütməkdən daha çox, daha barışcıl siyasətlər aparmaq məcburiyyətində qalan bir nöqtəyə gətirdi. Eyni şəkildə Azərbaycan TDT-də də həm vasitəçilik edir, həm də təşkilata kənardan gələ biləcək təzyiqləri önləmək üçün çox ağıllı siyasətlər ortaya qoyur. Məsələn, Zəngəzur dəhlizi məsələsində ABŞ-la birlikdə hərəkət etməsi onun Rusiya və Çinə qarşı strateji balans yaratmasına səbəb oldu. Bu çox ağıllı bir addım idi. Azərbaycan təkcə özünü deyil, eyni zamanda Rusiya və Çinin Türküstan coğrafiyası üzərindəki təsirini də tarazlaşdıracaq siyasətlər yürüdərək TDT-nin güclənməsinə şərait yaradır".