Ərdoğan: Cənubi Qafqazda sülhün təmin olunması məmnunluq doğurur

"Cənubi Qafqazda və Mərkəzi Asiyada qalıcı sülhün, sabitliyin və rifahın təmin olunması üçün son dövrlərdə atılan addımlar məmnunluq doğurur".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" platformasında Şanxay Əməkdaşlıq Təşkilatında müzakirə edilən mövzularla bağlı paylaşımında bildirib.

"Xəzərdən keçən Şərq-Qərb, Orta Dəhliz təşəbbüsləri ilə tarixi İpək Yolunu bərpa etməyi hədəfləyirik, digər tərəfdən isə bu təşəbbüsü “Bir Kəmər və Bir Yol” Layihəsi ilə uyğunlaşdırmaq üçün fəaliyyətimizi davam etdiririk. Şimal-Cənub-Şərq istiqamətində həyata keçirdiyimiz İnkişaf Yolu Layihəsi ilə də geniş bir coğrafiyanı bir-birinə bağlamağı planlaşdırırıq. Türkiyənin vizyonu bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında problemlərin dialoq, diplomatiya və əməkdaşlıq ruhu ilə həll olunmasıdır. Biz bu kontekstdə iqtisadi inkişafı, ticarəti və cəmiyyətlərin rifahını ön plana çəkən bir dünya nizamını hədəfləyirik",-deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.