Ermənistan seçkiləri Cənubi Qafqazın taleyini həll edəcək - ANALİTİK

Həşim Səhrablı: "Paşinyan qalib gəlsə sülh irəliləyəcək, revanşistlər udsa bölgə silkələnəcək"

Ermənistan parlament seçkiləri müstəvisində daxili sabitlik və regional gələcək baxımından kritik mərhələyə daxil olur. İyunun 7-nə planlaşdırılan seçkilər hakimiyyət uğrunda mübarizə ilə yanaşı, Ermənistanın geosiyasi kursunun müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırkı Baş nazir Nikol Paşinyan, rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası vasitəsilə yenidən mandat qazanmağa çalışır. Ermənistan mətbuatında yer alan məlumata görə, seçkidə iştirak edəcəyini açıqlayan şəxslər arasında Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan və hazırda İrəvanda həbsdə olan oliqarx Samvel Karapetyan da var. Bu fiqurlar Paşinyanın Azərbaycanla münasibətlərdə tutduğu mövqeyi sərt şəkildə tənqid edirlər. Amerikalı analitik Andrew DeAnieri bu günkü açıqlamasında, hazırda ən böyük sual işarəsinin Ermənistandakı seçkilər olduğunu bildirib. Onun sözlərinə görə, Paşinyanın partiyası hakimiyyəti qorumaq üçün növbəti mandatı əldə etməlidir. A. DeAnieri, Rusiyanın seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə müxtəlif addımlar ata biləcəyini də istisna etməyib.

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri, Cənubi Qafqazın gələcəyi üçün vacib rol oynayacaq:

“Ermənistanda normallaşma prosesi ilə bağlı fikir ayrılıqları var. Ermənistanın Baş naziri Nikol Paşinyan və ona yaxın dairələr normallaşma prosesini dəstəkləyib, Azərbaycanla sülhün əldə edilməsini vacib sayırlarsa, rusmeyilli revanşist qüvvələr “Böyük Ermənistan” kimi xəstə təfəkkürü müdafiə etməyə səy göstərirlər. Ona görə də növbəti parlament seçkiləri Ermənistanın siyasi taleyi üçün əhəmiyyətli olacaq. Seçkilərdə Paşinyan və ya onunla eyni siyasi xətti təmsil edən qüvvələr qalib gələrsə, Azərbaycan-Ermənistan sülh prosesi dayandığı nöqtədən irəliyə doğru addımlaya bilər. Bu da Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin etmək üçün yeni bir fürsət olacaq”. 

Analitik bildirib ki, Paşinyan və onun komandasının özləri üçün prinsipial hesab etdikləri, sülh prosesinə təsir göstərə biləcək tələbləri var:

“Lakin onların tələbləri, revanşist qüvvələr qədər ciddi və dağıdıcı deyil. Seçkilərdə revanşist qüvvələr üstünlük əldə edərsə, Rusiya yenidən bölgədə təsirini artırmağa çalışacaq. Bu isə Cənubi Qafqazın siyasi sabitliyinə ciddi zərər vura bilər. Azərbaycan isə hər bir varianta uyğun olaraq məqsədlərini bütün dünyaya çatdırıb. Əgər Paşinyanın komandası və ya onunla eyni siyasi düşüncədə olanlar qalib gələrsə, proseslər ağrısız şəkildə tamamlanacaq. Əks halda, şovinist yanaşmadan çıxış edən revanşistlər, əldə olunmuş razılaşmaları pozmağa cəhd göstərəcəklər”.

H.Səhrablı, Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxilə ehtimallarını da diqqətə çatdırıb:

“Təəssüflər olsun ki, Rusiya hələ də Ermənistanın siyasi həyatında müxtəlif təsir rıçaqları ilə iştirak edir. Paşinyanın son dövrlər apardığı antirusiya siyasətinə əsasən, əldə etdiyi uğurlar göstərir ki, artıq Moskva Ermənistanda 20 il əvvəlki kimi həlledici təsirə malik deyil. Hazırkı dövrdə Ermənistanın siyasi həyatında Rusiyanın iradəsindən kənar proseslər də baş verir. Lakin növbəti parlament seçkilərində, Rusiyanın mümkün müdaxilə ehtimalları ilə də qarşılaşa bilərik. Çünki Paşinyanın vəd etdiyi “Yeni Ermənistan”, revanşistlərin arzuladığı “Ermənistan”dan daha yaxşı siyasi müstəviyə malikdir. Hal-hazırda qarşımızda nifrətə, irqçiliyə və müharibəyə yer verməyən, tranzit kanallarını açmaqla dünya iqtisadiyyatına inteqrasiya edən, qonşuları ilə münasibətlərini sabitləşdirən “Yeni Ermənistan” modeli formalaşır. Ermənilər də, xalq olaraq bu fərqi anlayıb, seçkilərdə iştirak etməli və doğru tərəfi seçməlidirlər”.

Aybəniz Səfərova