Berlində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə komissarı Niklas Vaqnerin rəhbərliyi ilə Ermənistan və Almaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Tərəflər ikitərəfli gündəlikdəki geniş məsələləri müzakirə edərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və aktiv siyasi dialoqu məmnuniyyətlə vurğulayıblar.
Həmsöhbətlər həmçinin Ermənistan-Aİ strateji tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunublar və beynəlxalq platformalarda qurulan fəal əməkdaşlığı qeyd ediblər.
Nazir müavini Kostanyan həmsöhbətinə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sazişləri nəticəsində Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində iqtisadi qarşılıqlı əlaqənin inkişafına yönəlmiş proqramların, o cümlədən "TRIPP Yolu" layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən regional imkanları təqdim edib.