Normallaşma dalğası Qafqaza yayılır, Ermənistan Azərbaycanla ticarət və enerji siqnalı verdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə–Ermənistan normallaşma prosesi ilə bağlı açıqlama verərək, artıq dialoq mərhələsindən konkret addımlar mərhələsinə keçilməli olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə ilə aparılan danışıqlar müsbət istiqamətdə gedir və yaxın vaxtlarda “əhəmiyyətli və simvolik” irəliləyiş mümkündür.
Sherg.az xəbər verir ki, 1993-cü ildən bağlı olan Türkiyə–Ermənistan quru sərhədinin açılması normallaşma prosesinin əsas mövzularından biri olaraq qalır. Mirzoyan bildirib ki, Ermənistan Margara sərhəd-keçid məntəqəsini texniki baxımdan hazır vəziyyətə gətirib, lakin Türkiyə hələlik sərhədin üçüncü ölkə vətəndaşlarına açılması ilə bağlı razılaşmanı icra etməyib.
Nazir vurğulayıb ki, Ankara ilə atılacaq addımlar prioritetdir və prosesdən sahədə real nəticələr gözlənilir. Eyni zamanda, regional sülh fonunda Azərbaycanla birbaşa ticarət və enerji əməkdaşlığı imkanlarının da gündəmdə olduğunu qeyd edib.