İlham Əliyev BMT tribunasına qalib lider kimi qayıtdı -ŞƏRH

 Azərbaycan BMT üçün daha önəmlidir, nəinki BMT Azərbaycanın üçün
Azərbaycan təkcə formal iştirakçı deyil, BMT-nin fəaliyyətinə real töhfə verən ölkələrdən biridir
Azərbaycan uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəal və prinsipial mövqe sərgiləyir. Bu fəaliyyət təkcə iştirakla məhdudlaşmır, həm də mühüm təşəbbüslərlə müşayiət olunur. 2025-ci ildə keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası da Azərbaycanın bu təşkilat çərçivəsində oynadığı rolun növbəti nümayişi oldu. Prezident İlham Əliyevin sessiyada etdiyi çıxış həm regional, həm də qlobal miqyasda əhəmiyyətli mesajlar verdi. O, yalnız Azərbaycanın maraqlarını deyil, beynəlxalq hüququn müdafiəsini, qlobal ədalət və ikili standartlara qarşı mübarizəni də ön plana çəkdi. Prezidentin Xəzər dənizinin ekoloji vəziyyətindən tutmuş, regionda sülh və sabitliyin bərqərar olunmasına qədər toxunduğu məsələlər Azərbaycanın BMT tribunasındakı mövqeyinin nə qədər prinsipial və əhatəli olduğunu bir daha göstərdi. Bu çıxış sübut etdi ki, Azərbaycan artıq beynəlxalq müstəvidə təkcə dinləyici yox, həm də təşəbbüs irəli sürən və reallıqları dəyişən mühüm aktordur.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a açıqlmasında Azərbaycanın BMT-nin üzvü olduqdan sonra təşkilat çərçivəsində daim fəal və inkişaf edən bir xətt üzrə hərəkət etdiyini söyləyib:
"Ölkəmizin BMT-dəki fəaliyyəti yalnız təşkilatın iclaslarında iştirak və ya müxtəlif qərarların dəstəklənməsi ilə məhdudlaşmayıb. Azərbaycan qlobal təhdidlərə qarşı mübarizədə də mühüm rol oynayıb, beynəlxalq təhlükəsizlik və sabitlik naminə bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış edib. 
Azərbaycanın bu istiqamətdəki aktiv mövqeyi 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində öz təsdiqini tapdı. Bu, ölkəmizin BMT çərçivəsindəki nüfuzu və təşəbbüskarlığının nəticəsi idi. Azərbaycan bu prosesdə passiv müşahidəçi deyil, fəal iştirakçı kimi çıxış edərək, dünya birliyinin gündəmində olan məsələlərə töhfə verib.
2020-ci ildə bütün dünya COVID-19 pandemiyası ilə üz-üzə qalanda, bir çox böyük dövlətlər və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvləri belə qlobal təhdidə qarşı kollektiv reaksiya vermək əvəzinə, əsasən daxili problemlərinə yönəldilər. Məhz bu dövrdə Azərbaycan fərqləndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz pandemiyaya qarşı qlobal həmrəyliyin təmin olunması üçün bir sıra mühüm təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüslərdən biri də vaksinlərin ədalətli və bərabər şəkildə paylanması məsələsi idi ki, bu da BMT səviyyəsində geniş dəstək qazandı. Bu faktlar göstərir ki, Azərbaycan təkcə formal iştirakçı deyil, BMT-nin fəaliyyətinə real töhfə verən ölkələrdən biridir".
Ekspert Azərbaycan-BMT münasibətlərində mühüm məqamlardan birinin də Azərbaycanın bu qurumun sarsılan nüfuzunun bərpasında oynadığı rol oıduğunu qeyd edib: 
"Uzun illər ərzində BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamənin icra olunmaması təşkilata olan beynəlxalq inamı sarsıtdı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində bu qətnamələrin icrasını faktiki olaraq özü təmin etdi. Bu, təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüququn bərpası, BMT-nin qərarlarının praktik olaraq yerinə yetirilməsi idi. 
Bu kontekstdə demək olar ki, Azərbaycan BMT üçün daha önəmlidir, nəinki BMT Azərbaycanın özü üçün.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiya və tədbirlərində xüsusi qarşılanması da təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və BMT platformasında oynadığı rolun nəticəsidir. Dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas məqamlardan biri isə Prezident İlham Əliyevin çıxışlarında verdiyi mesajlar oldu. Dövlət başçısı BMT tribunasına qalib lider kimi qayıtdı. 2020-ci ilə qədər onun çıxışlarında əsas vurğu torpaqlarımızın işğaldan azad edilməsi və BMT qətnamələrinin icrası ilə bağlı çağırışlar idi. Lakin bu gün Prezident artıq işğala son qoymuş, Cənubi Qafqaza sülhü və beynəlxalq hüququ bərpa etmiş lider olaraq çıxış edir".
Müsahibimiz prezident İlham Əliyevin çıxışında bir daha beynəlxalq hüququn aliliyinin təmin olunmasının vacibliyini vurğuladığını bildirib: 
"İlham Əliyev həmçinin işğal dövründə baş verənlər, BMT və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi haqqında fikirlərini bölüşdü. Dövlət başçısı firavan dünyanın qurulması üçün ikili standartların aradan qaldırılmasının, beynəlxalq hüquq prinsiplərinə riayət olunmasının və siyasi maraqların hüququn qarşısına keçməməsinin vacibliyini önə çəkdi".