
İndi mənzərə tamam fərqlidir -ŞƏRH
Xarici ölkələrə səfərlərdə ayrı-ayrı dövlətlərin və beynəlxalq təsisatların, məşhur şirkətlərin rəhbərləri İlham Əliyevlə görüşməyə böyük maraq göstərirlər
BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-də işgüzar səfərdə olan Prezident İlham Əliyevin müxtəlif dövlət və hökumət başçıları ilə, beynəlxalq təşkilat və transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirməsi, fəal diplomatiya yürütməsi dünya mediasının da diqqət mərkəzindədir. Dövlət başçısının BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti Aleksandr Stubb, Keniya rəhbəri Uilyam Samoei Ruto, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının baş katibi Alen Berse, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, eləcə də "Brookfield Asset Management", "Neuberger Berman" və "Blackstone" kimi dünyanın böyük maliyyə-biznes nəhənglərinin rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfuzunun və iqtisadi rolunun göstəricisidir. Cənab Prezidentin bu cür mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak etməsi və ikitərəfli müstəvidə işgüzar danışıqlar aparması ölkəmizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə xidmət edir. Bu görüşlər ölkəmizin regional və qlobal proseslərdə fəal iştirak etdiyini təsdiqləməklə yanaşı, Azərbaycanın qlobal siyasi-iqtisadi kontekstdə etibarlı tərəfdaş kimi qiymətləndirildiyini göstərir. Eyni zamanda, dövlətimizin başçısının BMT sammiti çərçivəsində dünya liderləri ilə bir araya gəlməsi və çoxsaylı görüşlər keçirməsi ölkəmizin beynəlxalq müstəvidə maraqlarının əsaslı müdafiəsini təmin edir. Məhz bu cür fəal diplomatik təmasların, işgüzar müzakirələrin nəticəsində siyasi-iqtisadi əlaqələrimiz daha da möhkəmlənir, ölkəmizin beynəlxalq proseslərdə fəal iştirakı təmin olunur. Ölkə rəhbəri İlham Əliyev ölkəmizin beynəlxalq proseslərdə oynadığı rolu gücləndirməklə Azərbaycanın geosiyasi aktorlardan birinə çevrilməsinə zəmin yaradır. Son iki gündə BMT sessiyası çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə, iri şirkətlərin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlər siyasi və humanitar əlaqələrimizin genişlənməsi ilə bərabər, həmçinin iqtisadi inkişafımız üçün də yeni imkanlar açır. Dünyanın böyük şirkətlərinin rəhbər şəxslərinin dövlətimizin başçısı ilə görüşmək təşəbbüsü ilə çıxış etməsi ölkəmizin iqtisadi potensialına göstərilən marağı və Azərbaycanın xarici investisiyalar üçün əlverişliliyini təcəssüm etdirir. Xarici sərmayələrin artması isə heç şübhəsiz ki, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsini təmin edəcək. Prezidentin son iki gündə Nyu-Yorkda keçirdiyi görüşlər qlobal biznes nəhənglərinin işğaldan azad olunmuş ərazilərimizin investisiya mühiti və iqtisadi rentabelliyi barədə ətraflı şəkildə məlumatlandırılması üçün çox faydalıdır. Dövlət başçısı mötəbər tədbirlərdə və ikitərəfli görüşlərdə Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğunu, ölkəmizin regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlıq təşəbbüskarı kimi çıxış etdiyini vurğulayır. Bununla yanaşı, məhz bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji və nəqliyyat layihələrini – Orta Dəhliz, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi ("TRIPP marşrutu") Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını da xüsusi olaraq təqdim edir və bu layihələrin iqtisadi əməkdaşlıq üçün hansı imkanlara, potensiala malik olduğunu onların öz üslubunda izah edir.
Millət vəkili Samir Vəliyev Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin xarici səfərləri bir qayda olaraq kifayət qədər geniş və məhsuldar gündəliyi ilə diqqət çəkir. Deputatın sözlərinə görə, bu baxımdan dövlət başçısının Nyu-Yorka işgüzar səfəri də istisna deyil:

"Görüşlərin qarşı tərəfin istəyi əsasında baş tutması təsadüfi deyil. Dövlət başçısı daim qlobal çağırışlar qarşısında beynəlxalq həmrəylik təşəbbüslərindən çıxış edir. Bu da ona praqmatik, müasir baxışlara malik Lider kimi böyük nüfuz qazandırıb. Məhz buna görə də xarici ölkələrə səfərlər zamanı ayrı-ayrı dövlətlərin və beynəlxalq təsisatların, məşhur şirkətlərin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşüb müzakirələr aparmağa böyük maraq göstərirlər. Digər bir vacib məqam Azərbaycanın nümunəvi inkişaf modelinə malik olması, ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti ilə bağlıdır. Son 20 ildən artıq müddətdə respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sənədlər əsasında ardıcıl islahatlar aparılıb, bütün ölkə boyunca tarazlı inkişafa nail olunub, özəl sektorun fəaliyyəti üçün optimal mühit yaradılıb. Azərbaycanda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin olunub".
Parlament üzvü vurğulayıb ki, dövlət başçısının rəhbərləri ilə görüşdüyü hər 3 şirkət dünyanın ən böyük maliyyə qurumları sırasında yer alır:
"Onlar kifayət qədər böyük büdcəyə malikdirlər və dünyanın ayrı-ayrı ölkələrində davamlı fəaliyyətlər həyata keçirirlər. Açıq deyək ki, bu şirkətlərlə əməkdaşlıq etmək arzusunda olan dövlətlərin sayı da kifayət qədər çoxdur. Ancaq həmin şirkətlər öz nüfuzlarını qorumaq və təbii ki, qazanc əldə etmək üçün seçim edirlər, seçimlərini məhz respublikamızdan edirlər. Beynəlxalq şirkətlərin ölkəmizə marağını şərtləndirən mühüm məqamlardan biri də Azərbaycanın əlverişli investisiya mühitinə malik olmasıdır. Müstəqilliyimizin ilk illərində Azərbaycan xarici investorlar üçün cəlbedici deyildi. Beynəlxalq səviyyədə ölkəmizə inam hədsiz dərəcədə zəif idi. İndi isə mənzərə tamam fərqlidir. İldən-ilə artan müsbət reallıqlar, hüquqi bazanın möhkəmləndirilməsi, investisiyaların qorunmasına yüksək təminatlar verilməsi, əlverişli coğrafiya, yaradılan müasir infrastruktur, şəffaflığın yüksək səviyyədə təmin olunması xarici sərmayədarların ölkəmizə marağını artıran faktorlar qismində çıxış edir".