
İndi sülh və firavanlıq dövrüdür -ŞƏRH
Qarabağ münaqişəsi tarixə qovuşdu
Zəngəzur dəhlizi Ermənistan üçün tarixdə bir dəfə verilən fürsətdir
8 noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Bu il xalqımız Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin beşinci ildönümünü qeyd edir. Əlbəttə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misli görünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir. Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa qalibiyyətidir. Məhz Şuşa şəhərinin işğaldan azad edilməsinin xüsusi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Zəfər Günü kimi əbədiləşdirilib, şanlı tariximizin ən qürurverici təqviminə çevrilib.
Millət vəkili Samir Vəliyev Sherg.az-a deyib ki, Zəfərimizin qazanılması 44 günə ərsəyə gəlsə də, bu qürurverici tarixi salnamənin, müqəddəs yolun əsası Ulu Öndərimiz tərəfindən qoyulub, cənab İlham Əliyevin unikal məharəti və qətiyyəti sayəsində ən qüdrətli mərhələyə yüksəlib. Deputat bildirib ki, dövlət başçısı fəaliyyətinin ilk günündən ölkəmizin bir nömrəli taleyüklü problemi olan torpaqlarımızın erməni işğalından azad edilməsi üçün iqtisadi potensialımızı nümunəvi ordu quruculuğuna və bu ordunun qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəltdi:

"Respublikamızın iqtisadi-enerji potensiallarının artması, dünya birliyində etibarlı tərəfdaşa çevrilməsi və saysız dost ölkələr qazanması, habelə özünün enerji-tranzit imkanlarından məharətlə istifadə etməsi geosiyasi dividendlər və diplomatik cəbhədə üstünlüklər qazandırdı. Bu mükəmməl siyasi hücum taktikası sayəsində qlobal birlikdə Ermənistanın işğalçı siması tamamilə təsdiqləndi. Zəfər missiyasını hər bir azərbaycanlı özü üçün müqəddəs amal və borc hesab edərək bu şərəfli yolda Ali rəhbərinə sığındı. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik, mütəşəkkillik və yetkinlik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər ünvanlaması, Onun ətrafında sıx birləşməsi ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq hamının bir cəbhədə və səngərdə olmasını təsdiqlədi. Qardaş Türkiyənin sonacan bizimlə bir yerdə olması qürurverici tarixi hadisə kimi hər kəsin yaddaşında silinməz izlər saldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlayan andan "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" bəyanatı xalqımızın sarsılmaz mənəvi gücünü daha da möhkəmləndirdi. Qardaş ölkə Qələbədən sonra da dəstəyini əsirgəmədi, Azərbaycana qarşı beynəlxalq arenada yönələn əsassız və haqsız hücumların qarşısının alınmasında fədakarlıq etdi, Ermənistanın havadarlarına öz layiqli yerini göstərdi. Həmin ilin dekabrında Bakıda keçirilən Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandanımızın yanında olması, paradda Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə addımlaması əsl qardaşlıq manifestini nümayiş etdirdi. Cəmi bir il sonra, cənab Ərdoğanın azad edilmiş ərazilərimizə və Şuşaya səfər etməsi, Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığının ən şanlı səhifəsinə çevrildi".
Parlament üzvü qeyd edib ki, Azərbaycan dövləti hərb meydanında qazandığı inamlı qələbələri azad əraziləri bərpa etməklə davam etdirir:
"Quruculuq missiyası böyük miqyas almaqla bölgədə əbədi sülh və firavanlıq yaratmaqdadır. Ölkəmiz geniş əməkdaşlıq, sülh və rifah dəhlizinə çevirdiyi Zəngəzur dəhlizini bərqərar etməklə dünyadan təcrid olunmuş, qlobal logistika və tranzitlərə qapısı bağlı olan Ermənistanı da bu həmrəylik ailəsinə qoşmağa çalışır. Rəsmi İrəvan onun üçün açılmış bu tarixi fürsəti dəyərələndirərək Azərbaycanla sülh sazişi imzalamaqla həm bölgədə firavan həyat quruculuğunda yer ala, həm də əbədi təhlükəsiz səadətini qura və inkişaf edə bilər. Cənab Prezidentin də bəyan etdiyi kimi Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".
İsmayıl Qocayev