İrakli Kobaxidze: Gürcüstan sanksiyaya məruz qalan telekanalların hüquqlarını qoruyacaq

Gürcüstan hakimiyyəti Böyük Britaniyanın sanksiyalar siyahısına düşən "Imedi" və "Pos TV" telekanallarının hüquqlarının müdafiəsi üçün bütün zəruri addımları atacaq.

Teleqraf xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı medianın azadlığının tam təmin olunacağını vurğulayıb:

"Gürcüstan hakimiyyəti həm teleşirkətlərin hüquqlarını, həm də söz və media azadlığını tam şəkildə qoruyacaq. Eyni zamanda, hər bir jurnalistin hüquqları müdafiə olunacaq. Bəzilərinin ümid etdiyinin əksinə olaraq, Gürcüstanda heç bir jurnalistin fəaliyyətinə məhdudiyyət qoyulmayacaq".

Xatırladaq ki, Böyük Britaniya Gürcüstanın hakimiyyətyönümlü "Imedi" və "Pos TV" telekanallarını sanksiya siyahısına daxil edib.

Krallığın Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə qeyd edilib ki, sözügedən kanallar Ukrayna münaqişəsi ilə bağlı qəsdən yanlış və çaşdırıcı məlumatlar yayıblar.