İran müharibəsinin sükanı ABŞ-nin əlindən çıxıb - ŞƏRH

Bu gedişlə Tramp hakimiyyəti nəzərdə tutduğu 20 faiz plana belə nail ola bilməyəcək

Yaxın Şərqdə gərginlik fonunda ABŞ-İran qarşıdurmasının sona yaxınlaşdığına dair mesajlar getdikcə intensivləşir. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, artıq “finiş xətti görünür” və hərbi kampaniya yekun mərhələyə daxil olub:

“Biz finiş xəttini görə bilirik. Bu nə bu gün, nə də sabah olacaq, lakin yaxınlaşmaqdadır”.

Dövlət katibi ABŞ-nin artıq İranın hərbi qüvvələrinin əhəmiyyətli hissəsini, onun raket silahlarının böyük hissəsini məhv etdiyini və hazırda raket və pilotsuz uçuş aparatları istehsal edən müəssisələrin məhv edildiyini vurğulayıb.

Prezident Donald Tramp da yaxın həftələrdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatları dayandıra biləcəyini qeyd edib:

“Düşünürəm ki, iki və ya üç həftə ərzində geri çəkiləcəyik, çünki bunu davam etdirmək üçün heç bir səbəbimiz yoxdur. Biz işi bitiririk. Təxminən bir neçə həftə, bəlkə də bir neçə gün ərzində işi bitirəcəyik". Tramp yenə İranda rejimin dəyişdiyini bildirib: “Biz artıq İranda rejim dəyişikliyini təmin etmişik. Baxmayaraq ki, mən rejim dəyişikliyini məqsəd kimi qoymamışdım. Mənim bir məqsədim var idi: onların nüvə silahı əldə etməsinin qarşısını almaq. Və bu məqsədə nail olundu; onlar nüvə silahı əldə etməyəcəklər. Onların liderləri yoxdur; bütün liderləri ölüb. Buna görə də rejim dəyişikliyi baş verib. İndi Tehranda yaxşı yeni liderlərimiz var".

Vaşinqtondan səslənən bu bəyanatlar həm müharibənin taleyi, həm də regionda yeni siyasi mərhələnin başlanğıcı ilə bağlı mühüm suallar doğurur.

Mövzunu şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, ABŞ müharibəyə başlamamış bəyan edirdi ki, bir neçə həftəyə bitirəcək. Amma bir aydan artıqdır müharibə davam edir, indi də deyirlər ki, hələ bir neçə həftə də davam edəcək. T. İrfan hesab edir ki, ABŞ-nin nəzərdə tutduğu nailiyyətlərə çatmamış davamlı olaraq sözdə qələbə elan etməsi məğlubiyyət eyforiyasının qorxusudur: “Faktiki olaraq, ABŞ İranı qısa müddətdə təslim edəcəyini düşünürdü. Lakin bir neçə siyasi liderini öldürməkdən başqa əhəmiyyətli nailiyyətə çatmayıb. Hakimiyyəti dəyişə bilməyib, xalqı etiraza qaldıra bilməyib. İsrail ərazisini və Körfəz ölkələrindəki bazalarını havadan normal müdafiə edə bilməyib. Hörmüz boğazında nəzarəti ələ keçirmək üçün quru qoşunları yeritmək isə böyük risk tələb edir. İsrailin bu savaşda ABŞ ilə birgə iştirak etməsi İranın beynəlxalq aləmdə dəstəkçilərini artırır. Çünki İsrail beynəlxalq aləmdə etibarını, etimadını itirmiş və beynəlxalq hüququ tapdamış dövlət kimi qəbul olunur. Məhz İran xalqı da İsrailin çağırışlarına görə ayaqlanmadı, etirazçılar da əksinə, sakitləşdi. Çünki İsrailin Qəzzada 70 min günahsız insanı məhv etdiyini görüblər. Bir əsrə yaxındır ki, Fələstində müsəlman qanı ilə bəslənən bir qaniçən rejimin öz rejimlərindən daha qəddar olduğunu görən İran xalqı iki pis arasında seçim edərək, öz hakimiyyətini seçməli oldu. ABŞ-ni İsrail çıxılmaz bir yola təhrik etdi və bu müharibə bataqlığından asanlıqla çıxa bilməyəcək. ABŞ İsrailin təhriki ilə Türkiyə və Körfəz ölkələrini İrana qarşı savaşa təhrik edir. Hətta İrandakı Mossad agentləri vasitəsilə Türkiyəyə bir belə raket də atılıb. ABŞ lideri açıq bəyan edir ki, bu müharibənin xərcini ərəb ölkələri ödəməlidir. Ancaq onların hava məkanını da qəsdən qorumur ki, İran raketlərinə hədəf olmaqla bu ölkələr müharibəyə qoşulsun. Hətta İrandan sonra hədəfin Türkiyə olacağı da deyilir və ABŞ rəsmiləri İslama, müsəlmanlara qarşı savaş açdıqlarını gizlətmirlər. İsrail Fələstin əsilli məhbusların edamını qanuniləşdirdi. Bütün bunlar göstərir ki, bu müharibə hələ təzə başlayıb. İranı yaralayıb qaça biləcəkləri ağlabatan deyil. Çünki düzgün hesablama aparmalı idilər. İsrailin təhriki və emosional qərar qəbulu ABŞ üçün fəlakət ola bilər. Müharibə artıq birtərəfli deyil, ikitərəfli gedir. Ona görə də müharibəni dayandırmaq tək tərəfli olmayacaq. Gərək İran da buna qarşılıq versin. Amma İranın şərtləri də ağırdır. Əgər bu şərtlərdən vaz keçsə, onda bu, kapitulyasiyaya bərabər olacaq ki, onu da SEPAH qəbul etməz. SEPAH-ı İranın həlledici qərarlarına müdaxilədən təcrid etmək üçün isə hələ ABŞ və İranın öz sivil hakimiyyəti acizdir. Nə qədər ki, SEPAH-ın hücum və müdafiə qabiliyyəti yerindədir, əsla ABŞ ilə razılığa gəlinməyəcək”.

Siyasi şərhçi qeyd edib ki, əgər sivil xalqı təmsil edən hakimiyyət SEPAH-sız razılıq əldə etsə, dərhal pozulacaq, atəşkəsə riayət etməyəcəklər, ola bilsin razılıq əldə edən siyasi şəxsi də aradan götürsünlər: “Konkret fanatik fədailərdən təşkil olunmuş gizli qruplaşmalar İrana quru qoşunlarının daxil olması ilə bütün Şərqə yayıla bilər. İranın yaradıb Yaxın Şərqdə səfərbər edəcəyi terror dəstələri İŞİD-dən daha betər ola bilər. Ola bilsin ABŞ da bunda maraqlıdır. Vaxtilə İraqda yaratdığı kimi, indi də İranda oxşar terror təşkilatı yaradıb İsrailin arzusu ilə Türkiyəyə və Pakistana qarşı təxribatlar yarada bilərlər. Hər bir halda İran müharibəsinin sükanı ABŞ-nin əlindən çıxıb. O, bunu dünyada sübut etmək üçün mütəmadi olaraq bəyanatlar verir. Lakin reallıq onu göstərir ki, hər şey ABŞ dediyi kimi deyil və hadisələr o cür cərəyan etmir. İranın hava sahəsinə nəzarət əldən çıxsa da, orduya nəzarət yerindədir, parçalanma yoxdur. Xalqla hakimiyyət arasında da gözlənildiyi kimi dərin ziddiyyət təzahür etmir. Yalnız ordu generallarını və siyasi liderləri fiziki cəhətdən aradan götürmək əhalidə ABŞ və İsrail haqqında əksinə mənfi obraz yaradır və istər-istəməz mülki insanların da ölümü xalqı daha da təsirləndirir. Rejimin təbliğatı işləyir. Bu gedişlə ABŞ nəzərdə tutduğunun 20 faizinə belə nail ola bilməyəcək”.