Vasif Əfəndiyev: Bu ölkənin mövcud kursu həm ölkə, həm region üçün təhlükəlidir
“İran rejiminin dirənişi ölkəni tam məhvə aparır. Rəsmi Tehranın “dirəniş” adlandırdığı siyasət ciddi mübahisələr doğurur. Bu dirənişin real nəticələri isə ölkə daxilində ağır sosial və iqtisadi dağıntılarla müşahidə olunur.”
Bu sözləri Sherg.az-a politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, infrastrukturun məhv edilməsi, sənayenin zəifləməsi və neft sektorunun çökdürülməsi 90 milyona yaxın əhalisi olan dövlət üçün böyük risk yaradır: 
“Belə bir vəziyyətdə İran rəhbərliyinin niyə geri çəkilmədiyi əsas suallardan biri kimi qalır.Əslində bu dirənişin kökündə siyasi deyil, daha çox hakimiyyətin özünü qoruma instinkti dayanır. 1979 İran dövlət çevirilişi sonrası qurulan dini rejim uzun illər ərzində sərt idarəetmə üsulları tətbiq edib.Bu dövrdə yüzminlərlə insanın repressiyalara məruz qalması barədə iddialar beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb. Hakimiyyət elitası üçün geri addım atmaq yalnız siyasi məğlubiyyət deyil, həm də hüquqi məsuliyyət riski deməkdir. Onlar yaxşı anlayırlar ki, sistem çökərsə, keçmiş fəaliyyətlərinə görə cavab vermək məcburiyyətində qala bilərlər. Bu isə mövcud hakimiyyət yetkililəri üçün şəxsi təhlükəsizlik məsələsinə çevrilir. Belə rejimlər adətən sonadək müqavimət göstərməyə məhkum olur. Çünki alternativ ssenari onların ən yaxşı halda məhkəmə qarşısına çıxması, ya da onlar üçün arzuolunmaz ictimai qəzəblə üzləşməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bu dirəniş siyasəti ən çox adi vətəndaşlara təsir edir və onların həyat şəraitini ağırlaşdırır. Nəticə etibarilə, İranın mövcud kursu həm region üçün, həm də ölkə daxilində uzunmüddətli sabitlik baxımından ciddi suallar doğurmaqda davam edir”.