“Cəmiyyətdə sosial barışığa nail olmaq üçün kifayət qədər imkan var, lakin hakimiyyət bu imkanlardan istifadə etmir"
İranda baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslər əfv siyahısına daxil edilməyəcək. Bu barədə İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi açıqlama verib.
Ejeyi son aksiyalarda tutulanların adlarının əfv siyahısından çıxarılmasına göstəriş verdiyini bildirib. Qeyd edək ki, ötən ilin dekabr ayının sonlarında milli valyutanın kəskin şəkildə dəyər itirməsinə etiraz olaraq paytaxt Tehranda aksiyalar keçirilib. Bu aksiyalar qısa müddət ərzində hökumət əleyhinə etirazlara çevrilərək ölkənin bir çox bölgəsinə yayılıb. Etirazlar zamanı polis qüvvələri ilə toqquşmalar baş verib, zorakılıq halları qeydə alınıb. İran hökumətinin məlumatına görə, baş verən hadisələr nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla, 3 117 nəfər ölüb. Bir müddət davam edən etiraz aksiyaları sonradan dayandırılıb.
Ekspertlərin fikrincə İrandakı rejimin sosial etirazlara qarşı repressiv yanaşması həm də cəmiyyətin etimadını sarsıdır, yeni gərginlik və qarşıdurmalar üçün zəmin yaradır. Əlavə olaraq da, bu vəziyyət beynəlxalq ictimaiyyətin də diqqətini İranın insan hüquqları pozuntularına yönəldir və ölkənin xarici siyasətinə mənfi təsir göstərir.
Siyasi şərhçi Zeynal Əmralıyev “Sherg.az”a bildirib ki, İranda baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslərin əfv siyahısına daxil edilməyəcəyi barədə qərar, ölkədəki siyasi gərginliyin və rejimin mövqeyinin dərinləşdiyini göstərir. Onun sözlərinə görə, İran məhkəmə hakimiyyətinin rəhbəri bu addımı təhlükəsizlik məsələləri ilə izah etsə də, bu molla rejiminin hümanist yanaşmadan nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir: “İran rejminin əlində cəmiyyətdə sosial barışığa nail olmaq üçün kifayət qədər imkan var, lakin hakimiyyət bu imkanlardan istifadə etmir. Əksinə, SEPAH-ın nəzarətindəki təhlükəsizlik qüvvələri vəziyyəti daha da gərginləşdirir, islahat yönümlü siyasətçilərə qarşı geniş əməliyyatlar həyata keçirir, bir çoxu tanınmış şəxslər olmasa belə həbs olunanlar keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhaniyə yaxın şəxslərdir”.
Siyasi şərhçi qeyd edib ki, indiki rejim etirazlardan nəticə çıxarmaq əvəzinə cəzalandırma metodu ilə etiraz ruhunu boğmağa çalışır. Bu isə İran üçün yaxşı heç nə vəd etmir. Bundan əvvəlki rejimlərin də çökməsinin əsas səbəbi bu olub: “İndiki rejimin yanaşması, etirazları görməzdən gəlmək və cəzalandırma yolu ilə ictimai narazılığı boğmağa çalışmaq heç bir dayanıqlı nəticə vermir. Əslində, bu metod mollaların siyasi aktivliyi məhdudlaşdırmaq və sosial tələbləri görməməzlikdən gəlmək siyasətinin davamıdır. Qacarlar və Pəhləvilər dövründə də eyni səhvlər edilmişdi: sosial etirazlar və ictimai fəallıq nəzərə alınmamış, cəmiyyətdə barışıq və dialoq imkanları əldən verilmişdi. Bu yanaşma nəticədə rejimlərin çökməsinə səbəb olmuşdu. Hazırkı molla rejimi də faktiki olaraq öz çöküşünü hazırlayır. Təzyiq və repressiya siyasəti cəmiyyətin əsas təbəqələrində narazılığı artırır, uzun müddətli sabitliyi pozur və sosial partlayış riskini yüksəldir. Rejim etirazları boğmaqla qısa müddətli hakimiyyətini qorusa da, tarixi təcrübə göstərir ki, belə siyasət uzunmüddətli perspektivdə dayanıqlı deyil və nəticədə həm siyasi, həm də iqtisadi böhranı dərinləşdirir”.