İsmail Cingöz: Şuşa Bəyannaməsi ilə atılan addımlar daha da irəli aparılır

22 iyul 2025-ci il tarixində İstanbul şəhərində Türkiyə və Azərbaycan müdafiə nazirlikləri arasında imzalanmış qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Memorandum Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilib. Sözügedən sənəd iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirməyə yönəlib. Memorandum regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı koordinasiyanın artırılması baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"22 iyul 2025-ci il tarixində İstanbul şəhərində iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Memorandumu Azərbaycan Milli Məclisi təsdiq edib. Hüquqi baxımdan imzalanan beynəlxalq memorandumların parlamentin ratifikasiya etməsi zəruridir. Keçirilən səsvermə nəticəsində Azərbaycan Milli Məclisi sözügedən memorandumun təsdiqi ilə bütün dünyaya mühüm mesaj verdi: “Bir millət, iki dövlət” anlayışı bu gün bir daha real məzmun qazandı".

Şuşa Bəyannaməsi ilə atılan addımlar daha da irəli aparılaraq, Türkiyə və Azərbaycan milli ordularının sanki vahid bir ordu kimi koordinasiyalı şəkildə hərəkət etməsi baxımından mühüm mərhələyə çatıb. Bu proses həm Şuşa Bəyannaməsinin davamı, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə istinad edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu əməkdaşlığın legitimliyi təkcə iki ölkə arasındakı münasibətlər kontekstində deyil, eyni zamanda beynəlxalq hüquq çərçivəsində də bir daha dünya ictimaiyyətinə nümayiş etdirildi. Sülh dövründə birgə hərbi təlimlərin keçirilməsi, məlumat və kəşfiyyat mübadiləsi, orduların modernizasiyası, koordinasiyalı fəaliyyət və ortaq müdafiə doktrinalarının formalaşdırılması kimi sahələrdə əməkdaşlıq iki ölkə üçün müdafiə sahəsində yeni və mühüm mərhələdir. Bir ölkəyə edilən hücumun digər ölkəyə edilmiş hücum kimi qəbul olunması və bu halda heç bir tərəddüdə yol vermədən dərhal reaksiya göstərilməsi mexanizmi təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətlidir".

Siyasətçi tam şəffaflıq prinsipi əsasında həyata keçiriləcək bu koordinasiyanın dostlara güvən, düşmənlərə isə qorxu verəcək addım kimi qiymətləndirilməli olduğunu söyləyib:

"Eyni zamanda bu proses Türk dünyasına qarşı qeyri-dost mövqe sərgiləyən qüvvələrə dəfələrlə düşünmək məcburiyyəti yaradacaqdır. Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) lokomotiv ölkələri kimi, qarşıdakı illərdə həm üzv, həm də müşahidəçi ölkələrin birlikdə hərəkət etməsi baxımından nümunəvi model ortaya qoymuş olurlar. Gələcək mərhələlərdə Türk Dövlətləri Təşkilatının vahid və ortaq müdafiə sisteminin formalaşdırılması üçün bu memorandum mühüm başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir. Avropa İttifaqı nümunəsində olduğu kimi, zamanla iqtisadi əməkdaşlığın da bütün üzv ölkələri əhatə edəcək şəkildə inkişaf etdirilməsi zəruridir. Hazırda Çin mərkəzli və London mərkəzli olmaqla formalaşmaqda olan Yeni Dünya Sistemində Türkiyə-Azərbaycan tandeminin lokomotivliyi ilə Türk Dövlətləri Təşkilatının üçüncü bir geosiyasi qütb olma yolunda irəlilədiyi və artıq “ətə-qana büründüyü” bu memorandumun təsdiqi ilə bir daha ortaya qoyuldu. Bu mühüm addımın Türkiyə, Azərbaycan və Türk Dövlətləri Təşkilatı üçün xeyirli və uğurlu olmasını arzulayıram". 

Politoloq qısa müddətdə bunun digər üzv ölkələrə də müsbət təsir göstərəcəyinə və TDT çərçivəsində ortaq müdafiə doktrinasının formalaşdırılacağına ümid etdiyini bildirib:

"Eyni zamanda iqtisadi əməkdaşlığın genişləndirilməsi, dövlət strukturları, nazirliklər, müvafiq qurumlar arasında qarşılıqlı inteqrasiyanın memorandumlar vasitəsilə gücləndirilməsi TDT-nin “bir millət, səkkiz dövlət” anlayışı ilə birlikdə hərəkət edə bilməsinin əsasını təşkil edəcək. Bu baxımdan Türkiyə-Azərbaycan arasında imzalanmış və ratifikasiya edilmiş bu memorandum Türk Dövlətləri Təşkilatının gələcəyi üçün strateji əhəmiyyət daşıyan yol xəritəsidir".