Lətif Akça: Türk Dövlətləri Təşkilatının gələcəyi birlik və həmrəylikdədir

Türk Dövlətləri Təşkilatının ortaq gələcəyi üçün birlik və həmrəylik çox önəmlidir. Biz inanırıq ki, birlikdə daha güclüyük və güclü gələcək üçün ortaq vizyonumuzu paylaşmalıyıq".
Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidentinin Vətəndaş Cəmiyyəti Təşkilatlatlarının Kommunikasiya Koordinatoru Lətif Akça "İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri" panelində çıxışı zamanı deyib.

"Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu konfrans iştirakçılarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını göndərir. Konfransın uğurlu keçməsini və xeyirli nəticələrə vəsilə olmasını arzulayır.

Şimali Kipr Türk Respublikası Türk dünyası ilə Akdeniz regionu arasında təbii bir lojistik körpü ola bilər. Limanlarımız və infrastruktur imkanlarımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ticarət və logistik fəaliyyətləri üçün mərkəz rolunu oynaya bilər.

Bununla yanaşı, Türkiyə və digər Türk dövlətlərindən Şimali Kipr vasitəsilə Avropa və Afrika bazarlarına daha sürətli çıxış mümkündür. ŞKTC-də yerləşən sərbəst limanlar ortaq investisiyalar və ixrac layihələri üçün əlverişli zəmin yaradır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq logistik mərkəzlərin yaradılması təşkilata üzv bütün ölkələrin iqtisadi inteqrasiyasını gücləndirə bilər", - Lətif Akça deyib.