Məqsəd Avropa İttifaqını Rusiya və Çindən qorumaqdır - ŞƏRH

Avropa Komissiyası qurumlarının təhlükəsizliyini təmin etmək və xarici təhdidlərə qarşı mübarizəni gücləndirmək məqsədilə öz kəşfiyyat xidmətini yaratmağı planlaşdırır. Komissiyanın nümayəndəsi Balyaş Uyvarinin sözlərinə görə, Baş katibliyin strukturunda ixtisaslaşmış bölmənin yaradılması nəzərdən keçirilir. Təşəbbüs Aİ-ni Rusiya və Çindən gələn potensial təhlükələrdən qorumağa yönəlib, lakin bu ideya Komissiya və Parlament daxilində birmənalı qarşılanmayıb.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında son günlər Avropa Komissiyasında qurumun müdafiəsi məqsədilə vahid kəşfiyyat strukturunun yaradılması ilə bağlı müzakirələr aparıldığını söyləyib:

"Bu təşəbbüsün məqsədi Avropa İttifaqına (Aİ) üzv dövlətlərin təhlükəsizlik orqanlarının fəaliyyətini Avropa Komissiyasının təhlükəsizlik məsələləri üzrə strukturu vasitəsilə əlaqələndirməkdir. Yeni yaradılması planlaşdırılan bu struktura Avropa Komissiyasının sədri Ursula fon der Leyen rəhbərlik edəcək. Layihənin əsas məqsədi Avropa İttifaqını Rusiya və Çindən gələn potensial təhlükələrdən qorumaqdır. Müzakirələr zamanı məhz bu iki ölkənin adının çəkilməsi diqqət çəkir. Bununla belə, Avropa Komissiyasının daxilində bu təşəbbüsə qarşı çıxanlar da var. Əks tərəf hesab edir ki, yeni kəşfiyyat qurumunun yaradılması xarici əlaqələr üzrə mövcud strukturların fəaliyyətinə mane ola bilər.

Avropa Parlamentinin deputatlarından biri-Qarald Vilimski bildirib ki, Ursula fon der Leyen bu təşəbbüslə öz səlahiyyətlərini genişləndirməyə və Avropa İttifaqının digər strukturları üzərində nəzarəti ələ almağa çalışır. Deputatın fikrincə, bu, düzgün yanaşma deyil. Çünki bu qurum yaradıldıqdan sonra Aİ-yə üzv ölkələrin təhlükəsizlik orqanları bütün məlumatları birbaşa həmin struktur vasitəsilə ötürməli olacaqlar".

Ekspert hazırda bu barədə konkret qərarın qəbul edilmədiyini, lakin müzakirələrin davam etdiyini və qurumun yaradılması ehtimalının kifayət qədər yüksək qiymətləndirildiyini bildirib:

"Layihəni dəstəkləyən avrodeputatlar hətta bu yeni strukturun Avropa Parlamentinin öz deputatları üzərində də müəyyən nəzarət funksiyalarına malik olmasının mümkünlüyünü araşdırırlar. Xatırladaq ki, yaxınlarda ABŞ və Böyük Britaniya ilə bağlı qalmaqallı bir hadisə baş verdi. Böyük Britaniyadan olan deputatın köməkçisinin (Nathan Gill) Rusiyanın kəşfiyyat orqanları ilə əlaqədə olduğu və hər ay 5000 funt sterlinq məbləğində pul aldığı müəyyən edildi. O, bu ödəniş qarşılığında Avropa Parlamentinin Rusiyaya qarşı mövqeyinə təsir göstərməyə çalışmışdı. Bu kimi hadisələr də Avropa Komissiyasında vahid kəşfiyyat strukturunun yaradılması ideyasını gündəmə gətirən əsas arqumentlərdən biridir. Müzakirələr davam edir. Yaxın zamanda Avropa İttifaqı səviyyəsində yeni kəşfiyyat qurumunun yaradılması ehtimalı olduqca böyükdür".