Murat Anar: “Güclü müxalifət hakimiyyət üçün də fürsətdir”

Türkiyədə sistem partiyaları iki əsas mərkəz ətrafında birləşdirir

Parlamentdə dava nə iqtidara, nə müxalifətə yaraşır

Epştein sənədləri üzərindən türk siyasətçilərinə ittiham ədalətsizdir”

Ekspert: “Seçicinin mesajı aydındır – razı qalmasam hakimiyyəti dəyişərəm”

Son günlərdə Türkiyə parlamentində baş verən daxili çəkişmələr ictimaiyyətin diqqətini cəlb edib. Hakim Adalet ve Kalkınma Partisi (AKP) ilə ana müxalifət Cumhuriyet Halk Partisi (CHP) arasında yaşanan gərginliklər siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Eyni zamanda Ahmet Davutoğlu müxalifət qüvvələrini yenidən birləşməyə çağırıb və Cefri Epştein işi ilə bağlı adının hallandırılmasını pisləyib. Bu proseslər fonunda Türkiyədə hakimiyyət-müxalifət münasibətlərinin xarakteri və gələcək siyasi dinamikası diqqət mərkəzindədir.

Türk pedaqoq, yazıçı-jurnalist Murat Anar Sherg.az-a açıqlamasında vurğulayıb ki, müxalifət hər zaman hakimiyyətin alternativi olmalıdır:

"Güclü və məntiqli müxalifət həm Türkiyə üçün şansdır, həm də hakimiyyətin daha yaxşı işlər görməsi üçün fürsətdir. Müxalifət hər zaman hakimiyyətin alternativi olmalıdır. Türkiyədə Adalet ve Kalkınma Partisi-nin əsasını təşkil etdiyi Cumhur İttifakı hakimiyyətdədir. Müxalifət isə Cumhuriyet Halk Partisi-nin ana müxalifət olduğu digər partiyalardan ibarətdir. 2023-cü ilin ümumi seçkilərinə baxdığımız zaman müxalifətin ilk turda ilk dəfə hakimiyyət qarşısında “Millet İttifakı” çətiri altında “mən də hakimiyyətin alternativiyəm” dediyinə şahid oluruq. 14 may prezident seçkilərində Adalet ve Kalkınma Partisi, Milliyetçi Hareket Partisi, Büyük Birlik Partisi, Yeniden Refah Partisi və Hür Dava Partisi-nin yaratdığı Cumhur İttifakı (Recep Tayyip Erdoğan) 49.52% səs aldı. Cumhuriyet Halk Partisi, İYİ Parti, DEVA Partisi, Saadet Partisi, Gelecek Partisi və Demokrat Parti-dən ibarət Millet İttifakı (Kemal Kılıçdaroğlu) 44.8% səs aldı. Ata İttifakı (Sinan Oğan) 5.17%, Muharrem İnce isə 0.43% səs aldı. Səslərin sayına baxdıqda, Recep Tayyip Erdoğan 27 milyon 133 min 837 səs topladı. Seçkidən əvvəl namizədə qarşı çıxıb müxalifətin ikinci böyük partiyası olan İYİ Parti-nin masadan qalxıb yenidən qayıtmasına baxmayaraq, Kemal Kılıçdaroğlu 24 milyon 594 min 932 səs aldı".

Ekspert iki əsas partiya ətrafında digər partiyaların birləşmək istəməklərinin səbəbini açıqlayıb:

"Xüsusilə bir məqama diqqət çəkmək istəyirəm. Sinan Oğan-a verilən 2 milyon 831 min 208 səsi və Muharrem İnceyə verilən 236 min 097 səsi Kemal Kılıçdaroğlu-nun səsinə əlavə etdikdə, cəmi 27 milyon 662 min 262 səs edir. Bu rəqəm Recep Tayyip Erdoğana verilən səsdən çox olur. Bu sistem əslində iki əsas partiyanın ətrafında digər partiyaları birləşməyə məcbur edir. Adalet ve Kalkınma Partisi ətrafında, ya da Cumhuriyet Halk Partisi ətrafında birləşmək lazım gəlir. Bu seçkinin verdiyi başqa bir mesaj da budur: Türkiyədə milli-mühafizəkar adlandırılan kəsim özünə çox zidd görünən Cumhuriyet Halk Partisinə səs verə bilir. İkinci turda isə Sinan Oğana verilən təxminən 700 min səs Recep Tayyip Erdoğana gedərkən, Muharrem İnce və Sinan Oğandan təxminən 950 min səs Kemal Kılıçdaroğluna keçdi. Nəticədə seçkini Recep Tayyip Erdoğan qazandı. Yerli seçkilərdə isə Cumhuriyet Halk Partisi Adalet ve Kalkınma Partisi-ni geridə qoyaraq birinci partiya oldu. Bu tablo göstərir ki, Türkiyə seçicisi belə deyir: “Hakimiyyət gücünə güvənmə, məni razı sala bilməsən sağ-sol fərqi qoymadan hakimiyyəti əlindən alaram. Müxalifət, mənə güvən versən və problemlərimə həll tapsan, səni də hakimiyyətə gətirə bilərəm". Seçicinin verdiyi mesaj Türkiyə demokratiyası adına ümidvericidir. Xalq müxalifətə şans verir, amma xüsusilə Cumhuriyet Halk Partisi bu şansı nə qədər dəyərləndirə bilir-bu sual altındadır".

M.Anar 2023-cü ildəki müxalifət birliyinin artıq olmadığını bildirib:

"Cumhur İttifakı xəttindən çıxmadan gücünü qoruyur. Hətta “Terrorsuz Türkiyə” prosesi ilə bu gücə Halkların Demokratik Partisini əlavə edərkən, Millet İttifakı tamamilə dağılmış vəziyyətdədir. Cumhuriyet Halk Partisi Türkiyənin problemlərini xalqa izah edib həll yolu təqdim etmək xəttindən çıxaraq “bələdiyyə sədrlərim, prezidentliyə namizəd edəcəyim İstanbul Böyükşəhər Bələdiyyə Başçım həbs olundu, mən çox mağduram” xəttinə gəldi.nCumhuriyet Halk Partisi qəbul etsə də, etməsə də, Türkiyə seçicisinin ən az 50%-i milli-mühafizəkar dəyərlərə sahibdir. Təxminən 10-15% mühafizəkar-solçu kürd seçməndir. Qalan hissə isə CHP-nin potensial səsidir. Yəni partiyanın sabit səsi ən çoxu 35%-dir. Prezident seçkilərini qazanmaq istəyirsə, 65%-lik seçici kütləsinin dəyərləri ilə uzlaşmalıdır. CHP sədri Özgür Özel bir partiya rəhbəri kimi əsəblərinə hakim olub millətin dəyərlərinə hörmət etməlidir. Akın Gürlek CHP bələdiyyələrinin bir çoxuna istintaq açan və bəzi bələdiyyə başçılarının həbsinə səbəb olan İstanbul Cümhuriyyət Baş prokuroru idi. Prezident onu ədliyyə naziri təyin etdi. CHP-nin bu qərarı bəyənməməsi təbiidir. Lakin ana müxalifət partiyası qanunu və Konstitusiyanı tanımalıdır. Prezidentin onu nazir təyin etmək səlahiyyəti var. CHP isə bunu Konstitusiya çərçivəsində tənqid edə bilər. Amma parlament kürsüsünü işğal edib naziri and içməyə qoymamaq hüququ yoxdur".

Müsahibimiz Türk Millətinin təmsil olunduğu ən demokratik və səviyyəli məkan olan Türkiyə Böyük Millət Məclisində dava etməyin xalqa nümunə olmadığını qeyd edib:

"Millət vəkilləri cəmiyyətdə zorakılığın qarşısını almalı olduqları halda zorakılığın özü olmamalıdırlar. Bu dava həm iqtidara, həm də müxalifətə yaraşmadı. Məclisin nüfuzuna kölgə saldı. Son vaxtlar Cefri Epştein sənədləri bütün dünyada olduğu kimi Türkiyədə də gündəmə gəldi. Türkiyəli siyasətçilərdən indiki Prezidentdən keçmiş Prezidentə, keçmiş Baş nazir Bülent Ecevitdən keçmiş Xarici İşlər naziri Ahmet Davutoğluna qədər bir çox ad çəkildi. Hətta Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün adı belə bu sənədlərdə yer aldı". 

Murat Anar türk siyasətçilərin Epşteyin sənədlərində əxlaqsızlıq və ya pozğunluqla deyil, Türkiyə ilə bağlı məsələlərdə milli və qəti mövqeləri ilə qeyd olunduqlarını söyləyib: 

"Epştein sənədləri üzərindən Türkiyədə hər hansı siyasətçiyə qarşı ittiham irəli sürmək haqsızlıq olar. Gelecek Partisi lideri Ahmet Davutoğluna Epştein sənədləri üzərindən mənfi tənqid yönəltmək doğru deyil".