Regionda davam edən gərginliklər fonunda vasitəçilik rolları da artır. Azərbaycan da süLh tərəfdarı olaraq BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.
Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.
Politoloq Tofiq Abbasov Sherg.az-a adı çəkilən konvensiyanın indiki zamanda çox vacib rol oynadığını vurğulayıb:
"Faktiki olaraq BMT-nin özünün beynəlxalq məsələlərdə, xüsusilə də dolaşıq problemlər çərçivəsində, kəskin narazılıqlar zəminində yaranan ziddiyyətlərin aradan qaldırılması üçün sözün əsl mənasında hüquqi gücü çatmır. Amerika Birləşmiş Ştatları BMT qərargahını öz ərazisində yerləşdirdikdən sonra faktiki olaraq daim öz gücünü və təsir imkanlarını gizlətməyib. Hətta ABŞ-nin bu baxımdan “dili uzun idi”. Çünki BMT-nin xərclərinin əsas hissəsini öz üzərinə götürmüşdü. Belə olan halda isə müharibələr tez başlayır, asanlıqla alovlanır, sonra istilalar, işğallar baş verir. Münaqişələr başladıqdan sonra isə səngimək bilmir. Açıq-aşkar bəzi qüvvələr və ölkələr qızışdırıcı mövqe tuturlar. Silahların miqdarını azaltmaq əvəzinə, əksinə, onu daha da artırırlar. Silah istehsal edən şirkətlər, transmilli korporasiyalar da gizlətmirlər ki, onların marağında müharibələrin geniş miqyas alması dayanır. Ona görə də indiki zamanda bu cür ciddi məsələlərin həll olunması və aradan qaldırılması insanlar üçün son dərəcə vacibdir. Çünki müharibələr uzandıqca mövcud infrastruktur dağıdılır, fəaliyyət göstərən tranzit xətləri və ticari əlaqələr qırılır. Nəticədə ilk növbədə insanların rifahı zərər görür, onlar öz imkanlarını itirirlər. Digər tərəfdən isə onların gələcəyi ilə bağlı böyük qeyri-müəyyənlik yaranır. Təbii ki, bu şəraitdə vasitəçilik prinsiplərinə böyük ehtiyac duyulur".
Ekspert qeyd edib ki, keçmişdə vasitəçilik adı altında işğalçı ölkəyə müəyyən imkanlar yaratmağa cəhdlər göstərilirdi:
"Azərbaycan belə vasitəçiliklə heç vaxt barışa bilməzdi, necə ki, barışmadı. İndi isə görürük ki, məsələn, İranla ABŞ arasında gedən qarşıdurmada Pakistan həqiqətən də vicdanla və şərəflə çalışır ki, tərəflər arasında təmas yaratsın. Lakin ABŞ burada qeyri-səmimi davranır, oyunbazlıq edir və yalan danışır. İran tərəfində onlara inanmaq üçün demək olar ki, əsas yoxdur. Çünki iki dəfə danışıqlar gedə-gedə ABŞ bu prosesi pozub və hücum edib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın bu konvensiyaya qoşulması bir daha göstərir ki, o, beynəlxalq problemlər çərçivəsində konstruktiv rol oynayan dövlətdir. Öz səsini düzgün, vicdanlı vasitəçilik prinsiplərinin xeyrinə qaldırır. Yəni Azərbaycan bildirir ki, əgər vasitəçilik zəminində hər hansı razılaşmalar əldə olunursa, onları tanımaq, onlara hüquqi qüvvə vermək və rəsmiləşdirmək lazımdır. Bu baxımdan addım vaxtında atılıb. Ümumiyyətlə, Azərbaycan diplomatiyasının bütün problemlərlə bağlı konstruktiv mövqeyi var. Ölkəmiz həmişə çalışır ki, münaqişə tərəfləri bir-birini eşitsin və aralarındakı narazılıqları tezliklə aradan qaldırsın".
Analitik bunun çox yaxşı xəbər və vaxtında atılmış addım olduğunu söyləyib:
"Gələcək dünya təhlükəsizlik arxitekturasının qurulmasında bu konvensiyanın xüsusi rolu olacaq. Əlbəttə, burada diqqət mərkəzində olan əsas məsələ də odur ki, hansı ölkələr bu konvensiyanı dəstəkləyir və bu istiqamətdə məsuliyyət götürməyə hazırdır.Eyni zamanda, dünya səviyyəsində qüvvələr nisbəti də müəyyənləşəcək. Sülhün, əmin-amanlığın və təhlükəsizliyin tərəfində kimlərin olduğu da, bu dəyərlərə təhdid yaradanların kim olduğu da bilinəcək. Hər halda Azərbaycanın mövqeyi burada çox sağlam və konstruktivdir. Bunu yalnız dəstəkləmək lazımdır".