Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında bildirilib ki, Fransa Prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib.
Emmanuel Makron, həmçinin İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Mövzunu şərh edən politoloq Tural İsmayılov "Sherg.az" a bildirib ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək həmrəylik ifadə etməsi və xüsusilə İranın Azərbaycana qarşı hava hücumu fonunda dəstək nümayiş etdirməsi diplomatik baxımdan diqqətəlayiq hadisədir:

"Bir müddət əvvəl Fransa ilə Azərbaycan arasında siyasi ritorikanın kifayət qədər sərtləşdiyini nəzərə alsaq, bu telefon danışığı münasibətlərdə müəyyən yumşalma meylinin yarandığını göstərən mühüm siqnal kimi qiymətləndirilə bilər. İlk növbədə qeyd etmək lazımdır ki, regionda təhlükəsizlik mühitinin dəyişməsi Qərb paytaxtlarını Cənubi Qafqaza daha praqmatik yanaşmağa vadar edir. İran faktorunun aktivləşməsi fonunda Azərbaycanın regionda sabitliyin qorunmasında oynadığı rol daha aydın şəkildə görünür. Bu baxımdan Paris üçün Bakı ilə dialoq kanallarının açıq saxlanılması strateji əhəmiyyət kəsb edir".
T.İsmayılovun sözlərinə görə, digər mühüm amil Avropanın enerji təhlükəsizliyi məsələsidir:
" Rusiya ilə münasibətlərin gərgin qalması fonunda Avropa ölkələri alternativ enerji mənbələrinə xüsusi diqqət yetirirlər. Azərbaycan isə bu kontekstdə etibarlı tərəfdaş kimi önə çıxır. Bu səbəbdən Fransa da Bakı ilə münasibətlərdə gərginliyin azaldılmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə daha realist yanaşmağa çalışır. Eyni zamanda Fransa vətəndaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsinə görə Emmanuel Makronun təşəkkür etməsi humanitar və diplomatik əməkdaşlıq platformasının hələ də açıq olduğunu göstərir. Belə jestlər dövlətlərarası münasibətlərdə etimad mühitinin qismən bərpası üçün mühüm rol oynayır..Bununla belə, bu telefon danışığını iki ölkə münasibətlərində tam dönüş nöqtəsi kimi qiymətləndirmək hələ tezdir. Daha çox ehtimal olunan ssenari ondan ibarətdir ki, tərəflər mövcud geosiyasi gərginlik fonunda münasibətləri idarəolunan səviyyədə saxlamağa və kommunikasiya kanallarını qorumağa çalışırlar".
Politoloq qeyd edib ki, Makronun İlham Əliyevə zəngi Fransa ilə Azərbaycan arasında münasibətlərin tam normallaşmasından çox, yeni geosiyasi reallıqların diktə etdiyi praqmatik dialoq mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Onun fikrincə, regionda təhlükəsizlik balansının dəyişməsi, enerji məsələləri və İran faktorunun güclənməsi Parislə Bakı arasında münasibətlərin daha rasional müstəviyə keçməsini şərtləndirən əsas amillər kimi çıxış edir.