Parlamentari: Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişafdadır

Tarixi, mədəni və coğrafi yaxınlıq prioritetdir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Görüş zamanı nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar aspektlərini müzakirə edib, həmçinin əsas regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlığın möhkəm əsasını təşkil edir.

Görüşdə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
Gürcüstanla Azərbaycan arasındakı strateji əməkdaşlığı dəyərləndirən millət vəkili Şahin Seyidzadə Sherg.az-a açıqlamasında Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında qurulmuş dostluq və strateji tərəfdaşlıq münasibətləri regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: 
"Tarixi, mədəni və coğrafi yaxınlıq bu iki xalq arasında möhkəm əlaqələrin formalaşmasına zəmin yaradıb.  Müstəqillik illərindən bəri Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq ardıcıl olaraq genişlənməkdədir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə aparılır. Müxtəlif səviyyələrdə keçirilən qarşılıqlı səfərlər və görüşlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyir və ortaq maraqları müdafiə edirlər". 

Ş.Seyidzadə  bildirib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda mühüm geosiyasi mövqe tutan ölkələr olaraq bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayırlar:
 "Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və strateji əməkdaşlıq çərçivəsində enerji, nəqliyyat və iqtisadi layihələrdə sıx əməkdaşlıq edirlər. Əməkdaşlığın mühüm sahələrindən biri enerji və nəqliyyat sektorudur. Bakı-Tbilisi-Ceyhan neftkəməri, Bakı-Tbilisi-Ərzurum qazkəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bu tərəfdaşlığın uğurlu nümunələridir. Hər üç layihə yalnız Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır və Avropa ilə Asiya arasında körpü rolunu oynayır".