Parlamentari: Paşinyan ın bəyanatları sülh üçün yox, görüntü yaratmaq üçündür

Ermənistan hələ də sözdən əmələ keçməyib



Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana gəlməsinə münasibət bildirib. Paşinyan Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana gətirilməsini tarixi hadisə adlandırıb. Baş nazir Ermənistanın Marqaradan Kornidzora və əks istiqamətdə - Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə hazır olduğunu bir daha bildirib: "Yarım saat ərzində hər iki tərəfdən bir qatar keçid məntəqəsinə gələ bilər və biz keçidi idarə etməyə tam hazırıq". Qeyd edək ki, Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib. Noyabrın 4-də Rusiyadan Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. 

Millət vəkili Azər Badamov Sherg.az-a deyib ki, son vaxtlar Ermənistan hakimiyyətindən sülh gündəliyi ilə bağlı pozitiv açıqlamaları müşahidə edirik. Deputatın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarından İrəvan hökumətinin Azərbaycanla sülh gündəliyini inkişaf etdirmək, yekun sülh müqaviləsini imzalamaq niyyətində olduğu görünsə də, reallıqda atılması zəruri olan addımlar hələ qalmaqdadır:
 "Məhz həmin addımların atılması sülh gündəliyində irəliləyişin əldə edilməsinə imkan yaradacaq. Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə edir. Azərbaycan ərazisi üzərindən Qazaxıstandan və Rusiyadan Ermənistana tonlarla taxıl, buğda yükləri daşınır. Bunlar göstərir ki, Azərbaycan sülhə yönəlik addımları sadəcə kağız üzərində saxlamır, praktiki həyata keçirir. Ermənistan tərəfindən isə sülhlə bağlı müsbət bəyanatlar səslənsə də, praktiki addımlara adekvat hərəkətlər görmürük. Paşinyan bəyan edir ki, Türkiyədən Azərbaycana tranzit daşımalarına imkan yaratmağa hazırdır. Amma bu, hələlik qeyri-mümkündür. Çünki Türkiyə ilə Ermənistan arasında kommunikasiyalar bağlıdır, işlək deyil. Bununla bağlı razılıq da yoxdur. Paşinyanın tranzitlə bağlı bəyanatları sadəcə müsbət söz söyləmək xatirinədir".

Parlament üzvü qeyd edib ki, Azərbaycan isə real praktikada sülh üçün əməli addımlar atmaqdan çəkinmir, tərəddüd etmir:
 "Ermənistan sözdən hərəkətə keçməli və ilk növbədə öz Konstitusiyasında dəyişiklik etməli, ərazi iddialarına rəsmən son qoymalıdır. Əfsuslar ki, Paşinyan və komandası davamlı olaraq bəyan edir ki, Ermənistan Konstitusiyası sülhün imzalanmasına mane olmur. Hətta gələcəkdə gözlənilən dəyişikliyin Azərbaycanın şərtləri ilə əlaqəsinin olmadığını iddia edirlər. Bu da göstərir ki, əslində, İrəvan yekun sülhə tam hazır deyil".

İsmayıl Qocayev