Parlamentari: Təmaslar bundan sonra daha da intensiv xarakter alacaq

Regionda sülh gündəminin aktuallığı fonunda Azərbaycan və Ermənistan arasında təmaslar intensivləşir. Bu çərçivədə dekabrın 5-də Dohada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Doha Forumu”nda birgə paneldə çıxış edəcəyi açıqlanıb. Bu görüşün özü də prosesin beynəlxalq platformalarda da aktiv şəkildə davam etdiyini göstərir.

Millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında bu cür təmasların bundan sonra daha da intensiv xarakter alacağını söyləyib:

"Həm dövlət, həm QHT, həm də media qurumları səviyyəsində bu istiqamətdə görüşlərin daha tez-tez keçirilməsi proqnozlaşdırılır. Çünki sülh sazişinə aparan yolun bütün detalları məhz bu görüşlərdən sonra razılaşdırılır və nəticəyə gəlmək mümkün olur. Qəbələdə də bu məqsədlə Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri arasında məzmun etibarilə oxşar görüşlər keçirildi. Bütün bunlar detallar üzərində müzakirələrin davam etməsi deməkdir. Bu proses gələcəkdə də davam edəcək və keçirilən görüşlərin nəticələri yekun sənəddə öz əksini tapacaq".