Paşinyan: Karapetyanın seçki rüşvəti taktikası işə yaramayacaq

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının üzvlərinin vətəndaşlara seçki rüşvəti vermələri məsələsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, baş nazir bu taktikanın işə yaramayacağını bildirib.

Paşinyanın sözlərinə görə, o, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistanda seçki rüşvəti taktikası işləmir, bundan sonra da işləməyəcək.

“Sizcə, 2021-ci il seçkilərində seçki rüşvəti verilməyib? Cinayət işləri açılıb, insanlar mühakimə olunub, məhkum edilib, onların arasında parlamentə seçilən müxalifət nümayəndələri də var. Artıq belə bir şey yoxdur, o dövr çoxdan geridə qalıb”.

Xatırladaq ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu gün seçki rüşvəti vermək və almaqda şübhəli bilinən “Güclü Ermənistan”ın 14 üzvünün saxlanıldığını açıqlayıb.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.