Politoloq: Ukrayna Prezidentinin Azərbaycana gəlişi yeni regional düzənin anonsudur

Ukrayna Prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti ilə keçirilən görüş iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu səfər fonunda Azərbaycan-Ukrayna əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğu, xüsusilə humanitar sahədə tərəfdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların yarandığı aydın görünür.

Azərbaycan və Ukrayna arasında münasibətlər qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıqla xarakterizə olunur. Bu əlaqələrdə humanitar sahə xüsusi yer tutur və son illərdə daha da aktuallaşıb. Azərbaycanın münaqişə təcrübəsi ona Ukraynaya bu istiqamətdə dəstək göstərmək imkanı yaradır və iki ölkə arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verir.

Ukrayna prezidentinin Bakı səfərini şərh edən Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında deyib ki, Volodimir Zelenskinin Bakıya səfəri sadəcə diplomatik protokol hadisəsi kimi təqdim olunsa da əslində bu, regionda gedən böyük geosiyasi oyunun bir hissəsidir. Politoloq hesab edir ki, bu səfərin arxasında nə “qonaqpərvərlik”, nə də sadə əməkdaşlıq dayanır, burada açıq şəkildə maraqların toqquşması və hesablanmış addımlar var:

"Ukrayna bu gün müharibə vəziyyətində olan dövlətdir və hər bir səfəri onun özünüqoruma instikdidir. Azərbaycan isə mühafizəkar roldan daha  aktiv və iddialı oyunçuya çevrilmək niyyətini gizlətmir. Bu səfərin əsas xətti enerji üzərində qurulub. Ukrayna enerji baxımından zəif vəziyyətdədir və alternativ mənbələr axtarır. Azərbaycan isə Avropaya qaz verən əsas donordur. Bu kontekstdə Bakı sadəcə tərəfdaş yox, həm də strateji pəncərə rolunu oynayır. Bu əməkdaşlıq Rusiya ilə açıq qarşıdurma yaranmaması üçün birbaşa deyil, dolayı yollarla qurulur". 

 V. Əfəndiyev qeyd edib ki, bu səfər Türkiyə faktorunu da gizli şəkildə gündəmə gətirir. Onun sözlərinə görə, Ankara bu oyunda görünməsə də, proseslərin mərkəzində dayanır:

" Türkiyə həm Ukraynanın, həm də Azərbaycanın strateji tərəfdaşıdır və bu üçlük faktiki olaraq yeni regional əməkdaşlıq formulu təqdim edir.. Bu əməkdaşlıq təkcə iqtisadi yox, hərbi-siyasi ölçülərə də keçə bilər. Ən çox diqqətdən yayınan məqamlardan biri isə hərbi və texnoloji əməkdaşlıq ehtimalıdır. Ukrayna müharibə şəraitində yeni döyüş taktikaları və texnologiyalar əldə edib. Azərbaycan isə son illərdə müasir müharibə modelini tətbiq edən ölkə kimi çıxış edib. Bu iki təcrübənin birləşməsi region üçün yeni reallıq yarada bilər. Amma bu sahə açıq müzakirə olunmur, çünki bu, artıq başqa gücləri narahat edəcək səviyyədədir. Bu səfərin ən sərt mesajı isə balans siyasətinin yeni mərhələyə keçməsidir. Azərbaycan illərdir balans saxlayırdı, amma indi balansı qorumaq yox, onu idarə etmək mərhələsinə keçir. Zelenskinin Bakıya gəlməsi faktiki olaraq göstərir ki, Bakı artıq yalnız regional oyunçu deyil, daha geniş geosiyasi tabloda yer almağa hazırdır".

  Politoloq sonda əlavə edib ki, Zelenskinin Bakıya gəlişi sadəcə görüş deyil, bu, mesajdır:

" Mesaj ondan ibarətdir ki, regionda yeni düzən qurulur və bu düzəndə enerji, təhlükəsizlik və logistika əsas sütunlara çevrilir. Kim bunu vaxtında anlayacaqsa, oyunda qalacaq. Kim anlamayacaqsa, sadəcə kənardan izləyəcək".