
Prezidentin BMT-dəki çıxışı Azərbaycanın səsi idi -ŞƏRH
Hərbi, diplomatik, iqtisadi və siyasi gücümüzü ortaya qoyaraq səsimizi dünyaya catdıra bildik
Prezident İlham Əliyev BMT tribunasından qalib lider kimi dünyaya xitab etdi. Dövlət başçısı BMT tribunasından təkcə Azərbaycan Prezidenti kimi yox, həm də beynəlxalq hüququ təmin edən, dünyaya ədalətin sonda zəfər çaldığı inamını qaytaran lider kimi mesajlar verdi. Ölkə rəhbərinin ilk sözləri diqqətçəkən idi: "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam". Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal siyasətindən danışan Prezident İlham Əliyev iki təşkilatın - BMT və ATƏT-in Minsk qrupunun adını çəkdi. Bəyan etdi ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etsə də, heç biri icra edilmədi. Nəticədə heç bir sanksiyaya məruz qalmayan Ermənistan qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. Dövlət başçısı əlavə etdi ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Bu, Azərbaycana qarşı davam edən işğala görə təkcə işğalçının yox, həm də BMT-nin, onun timsalında beynəlxalq ictimaiyyətin, Minsk qrupunun, münaqişənin həllindən məsul olanların məsuliyyət daşıdığının mesajı idi. Prezident qeyd etdi ki, otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. 44 gündə nələr baş verdiyini konkret tezislərlə beynəlxalq ictimaiyyətə çatdırdı. Müharibə cinayəti törədən Ermənistandan fərqli olaraq, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apardı, mülki şəxslərin mühafizəsi təmin edildi, qeyri-hərbi infrastruktur hədəf olaraq seçilmədi. Azərbaycan ordusu 44 gün ərzində işğala son qoydu və ərazi bütövlüyümüz beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa edildi. Prezident bununla kürsüsündən xitab etdiyi BMT-nin qərarlarının Azərbaycan tərəfindən icra edildiyinə diqqət çəkdi. Ən mühüm məqamlardan biri isə dövlət başçısının 44 günlük Vətən müharibəsinin məhz Ermənistanın kapitulyasiyası ilə başa çatdığını vurğulaması, bununla Azərbaycanın XXI əsrin yeganə qalib ölkə olduğu mesajını verməsi idi. Dövlət başçısı çıxışında müharibədən sonra başlanan sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu xüsusi vurğuladı. Ölkə rəhbərinin sülh danışıqları və əldə olunan nəticələr haqda dedikləri özündə bir sıra mesajları ehtiva edir. Azərbaycan müharibədə qalib gəlsə də, regionda davamlı sülhün əsas təşəbbüskarıdır. Bütün baş verənlərə, torpaqlarımızın işğalına, törədilən cinayətlərə rəğmən, Ermənistanla münasibətlərdə yeni səhifə açmaqda maraqlı olan, sülh müqaviləsini təqdim edən Azərbaycandır. Danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Azərbaycan lideri Vaşinqton anlaşmalarını təqdim edərək, ABŞ Prezidenti Donald Trampa səylərinə görə təşəkkür etdi. Bu, sülh sazişinin paraflanması və digər razılaşmaların qarantının ABŞ olduğu mesajının Ermənistana və Bakı-İrəvan xəttindəki anlaşmaları pozmağa cəhd edən, yaxud edəcək qüvvələrə xəbərdarlıq hesab oluna bilər.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, cənab Prezidentin BMT-dəki çıxışı həm Azərbaycan həqiqətlərinin, həm də regionun bugünkü mənzərəsinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətli idi. Alim vurğulayıb ki, Azərbaycan çiləli, əzablı dövrdən keçib və illər boyu ölkəmiz üzərində böyük oyunlar oynanılıb, torpaqlarımız işğal edilib:

"Bu dövrdə beynəlxalq aləmdə hakim olan dairələr çox təəssüf ki, ikili standartlar həyata keçiriblər. Cənab Prezident ən yüksək tribunadan Azərbaycanın öz gücü, ordusu və xalqı ilə ərazilərini beynəlxalq hüququn heçə sayılmış mühitində necə işğaldan azad etdiyini vurğuladı. Eyni zamanda düşmən tərəfin dağıdıcı mahiyyətini, xarakterini, əməllərini ortaya qoydu. Buna rəğmən, diqqətə çatdırıldı ki, Azərbaycan sülhü təklif edən, prosesi başladan və irəliyə daşıyan tərəfdir. Dövlət başçısı açıq şəkildə bu məqamın altını cızdı ki, Azərbaycan sülhün prinsiplərini, maddələrini müəyyənləşdirdi və prosesi son mərhələyə gətirdi. Hərbi, diplomatik, iqtisadi və siyasi gücümüzü ortaya qoyaraq bunu etdik. Azərbaycan dominantlığı və sürükləyici gücü ilə regionda geridönməz bir sülh prosesi başladıb. Ölkə rəhbərinin qarşı tərəfin nə olduğunu, hansı fəlsəfəni və yanaşmanı təmsil etdiyini gündəmə gətirməsi də çox mühümdür. Sabah hansısa ekstremal vəziyyətin baş verməyəcəyinin qarantiyası yoxdur. Ermənistanın imza atdığı müqavilələri necə heçə saydığı, daxildə fərqli güc mərkəzlərinin, revanşist qüvvələrin olduğu bəllidir. Biz mina terroru ilə üzləşmişik, mədəniyyətimiz darmadağın edilib. Dövlət başçısı bu mənzərəni də gündəmə daşıdı. Hamı bilsin ki, Ermənistanın həqiqi xisləti budur".
T.Nüsrətoğlu bəyan edib ki, paralel olaraq Azərbaycan lideri dünyanı iş birliyinə, birgə əməkdaşlığa səsləyir:
"Ən yüksək tribunadan vurğulandı ki, Azərbaycan ən etibarlı tərəfdaşdır və Avropanın enerji təchizatında mühüm ölkədir. Azərbaycan qovşaqlar və yollar baxımından strateji nöqtədə yerləşir. 14 ölkəyə qaz ixrac edirik. Beynəlxalq tədbirlərə ard-arda ev sahibliyi edirik. İqlim böhranı müstəvisində COP29 kimi mötəbər tədbirin ev sahibi olduq. Bəşəriyyətin qarşısındakı bir çox problemlərin müzakirə müstəvisi məhz Azərbaycan olub. Dövlətimiz insanlığın qədəri, dünyanın daha ədalətli nizama qovuşması yönündə qlobal bir siyasəti təmsil edir. Digər yanda isə xaotik Ermənistan var. Cənab Prezident Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılmasından, əhəmiyyətindən də bəhs etdi. Zəngəzur dəhlizinin açılması bizim tarixdən, beynəlxalq hüquqdan doğan təbii haqqımızdır. Dəhlizin açılması, Orta Dəhlizin fəaliyyəti, yükdaşıma qabiliyyətinin artırılması çox önəmlidir. Ümumən, Azərbaycan liderinin mesajları dərin dövlətçilik ağlını, zəkasını, haqlı mövqeyimizi bir daha sərgilədi. Eyni zamanda regional və qlobal mənzərəni bütün çılpaqlığı ilə ortaya qoydu".