“Xameneinin ölümü regionu silkələyib, Tehranda dağıntılar böyükdür”
“Artıq bir neçə gündür davam edən hərbi toqquşmalarda həm İran,həm də ABŞ-İsrail ikilisi "qırmızı xəttləri" böyük ölçüdə pozub. İranın ali dini lideri Xamenei və ailə üzvlərinin ölümü ilə bu prosesə start verilib”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elvin Baxşalızadə deyib.
Həm İran, həm də Şiə dünyasında böyük nüfuz sahibi olan Xameneinin ölümünün regionu silkələdiyini vurğulayan E. Baxşalızadə İranın paytaxtı Tehranın bir neçə gündür ağır bombardman altında qaldığını bildirib: “İrana edən hərbi hücumlar nəticəsində Tehranın infrastrukturu ciddi şəkildə ziyan görüb. Şəhərdə böyük dağıntılar var. İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücumu nəticəsində də onlarla məktəbli həlak olub. İran tərəfi isə İsrail, BƏƏ, Bəhreyn və Küveytdəki bəzi mülki obyektlərə raket və dron zərbələri endirib. Xüsusilə Dubay və Tel-Əviv şəhərləri bu hücumlardan ciddi ziyan görüb. Savaşın bu şəkildə davam etməsi, yaxın günlərdə daha faciəvi hadisələrin yaşanmasına və mülki itkilərin gözlənilməz rəqəmlərə çatmasına səbəb ola bilər. Əgər tərəflər tez bir zamanda kompromisə gəlməsə regionu qarşıda "od-alovlu" günlər gözləyir”.