“Qırğızıstan zərurət yaranarsa, bütün xarici borcunu bir gündə ödəməyə qadirdir, amma bunu etmək iqtisadi cəhətdən qeyri-praktikdir”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Dövlət başçısı ölkə iqtisadiyyatının sabit şəkildə böyüdüyünü və xarici borcun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını qeyd edib. 2020-ci ildə bu rəqəm ÜDM-in 54 faizini təşkil edirdisə, hazırda 25 faiz civarındadır.
“İqtisadiyyat üçün heç bir təhlükə yoxdur. Xarici borcumuzu bir gündə ödəyə bilərik, amma bu, sərfəli deyil, çünki bu halda faiz dərəcələri daha yüksək olacaq və cərimələr tətbiq olunacaq. 2035-ci ilə qədər əvvəlki kreditlərimizi ödəməkdə heç bir problemimiz olmayacaq”, - Sadır Japarov bildirib.
Prezident əlavə edib ki, Qırğızıstanın qızıl-valyuta ehtiyatları 8,5 milyard dolları keçib, beş il əvvəl bu rəqəm 2 milyard dollardan bir qədər çox idi.
Son məlumata görə, Qırğızıstanın ümumi dövlət borcu 8,6 milyard dollardır ki, bunun da təxminən 5,2 milyard dolları xarici borcdur.