Timoşenkonun ofisində axtarış siyasi şok yaratdı - ANALİZ

Korrupsiya Ukraynanın müdafiəsini çökdürür

Zelenski üçün təhlükəli mərhələdir korrupsiya qalmaqalları prezidentin imicini sarsıdır

Ukraynada korrupsiya mövzusu yenidən siyasi gündəmin mərkəzinə çıxıb. Müxalif “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonun hakimiyyəti, o cümlədən Prezident Volodimir Zelenskini genişmiqyaslı korrupsiyada ittiham edib: “Mən həmişə Ukraynada korrupsiya ilə mübarizə aparmışam”.

Korrupsiyanın bu gün hakimiyyətin bütün qollarına nüfuz etdiyini iddia edən müxalifət lideri Ukrayna Prezidenti Volodimir Zelenski və digər dövlət adamlarını korrupsiyada günahlandırıb. Timoşenko bildirib ki, Ukraynada hakimiyyətin bütün qollarına nüfuz etmiş çirkli, hərtərəfli və geniş yayılmış korrupsiya ilə mübarizə aparmışıq və aparmağa davam edəcəklər: “Ukrayna dövlət başçısından tutmuş ən aşağı vəzifəli şəxsə qədər hər səviyyədə korrupsiya mərkəzinə çevrilib”.  

Partiya sədri əlavə edib ki, korrupsiya ölkənin müdafiə qabiliyyətini məhv edir.

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) yanvarın 14-də Yuliya Timoşenkonun ofisində axtarış aparıb. O, qanun layihələri üzrə səsvermə üçün Ali Rada deputatlarına rüşvət verməkdə ittiham olunur.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında deyib ki, korrupsiya ilə bağlı səsləndirilən iddialar Ukrayna siyasəti üçün yeni deyil və bu cür ittihamlar son bir neçə ayda mütəmadi olaraq səsləndirilir. Onun fikrincə, əsas problem səsləndirilən iddialar yox, müharibə şəraitinə görə prezident seçkilərinin keçirilməməsinin yaratdığı siyasi gərginlikdir. Bu amil daxili mübarizəni daha da kəskinləşdirir və müxalifətin hakimiyyətə təzyiq imkanlarını artırır. Politoloqun sözlərinə görə, Zelenski komandanı dəyişməklə bunu yumşaltmağa çalışa bilər:

“Ukrayna siyasi cəhətdən olduqca aktiv ölkədir və uzun müddət seçkilərin keçirilməməsi (müharibə şəraitinə görə) daxili siyasi gərginliyi daha da dərinləşdirə bilər. Zelenski komanda daxilində dəyişikliklərə gedərək, hətta müxalifətdən bir neçə şəxsi hökumətə cəlb etməklə situasiyanı yumşaltmağa cəhd göstərə bilər. Bu, kifayət qədər real siyasi addımdır".

Politoloq qeyd edib ki, hakimiyyətdə korrupsiya qalmaqallarının gündəmə gəlməsi prezidentin imicinə ciddi zərbə vurur: “Hazırda cəbhədə vəziyyət gərgindir. Əgər Zelenski baş verən proseslərin məsuliyyətini üzərinə götürərək komandanı yeniləməyi bacarsa, bu, onun mövqelərinin güclənməsinə səbəb ola bilər. Bu proses, paradoksal şəkildə, həm də Zelenskinin şəffaflıq iddiasına əlavə üstünlük qazandıra, onun siyasi mövqelərini müəyyən qədər gücləndirə bilər. Əks halda belə bir vaxtda əsas fiqurun istefası Zelenski komandasına “məğlubiyyət sindromu” yaşada bilər".